Türkan sakinləri 101 saylı marşrut avtobusunun bərpasına, ancaq Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın çarə edə biləcəyini düşünürlər...

Bakı Nəqliyyat Agentliyi Rəyasət Heyətinin sədri Vüsal Kərimlinin Bakının Türkan kəndinin əhalisi ilə düşmənçiliyinin səbəbi nədir? Bakı kəndlərinə işləyən marşurut avtobuslarının bir çoxu, əsasən “Koroğlu” metrostansiyasının yanından yola düşür. Təbii ki, bu, bütün kəndlərə aid deyil. Məsələn Bakının Maştağa, Buzovna, Bilgəh, Nardaran, Zabrat, Zirə, Ramana, Əmircan, Suraxanı, Mərdəkan, Şüvəlan, Pirallahı kənd və qəsəbələrinə marşrutlar, lap sovet dövründən bəri “Koroğlu” metrostansiyasının yanından gedir və bu qayda bu gün də davam edir. Məlumat üçün qeyd edək ki, sovet dövründən başlayaraq, ta son vaxtlara qədər Bakının digər kəndləri kimi, Türkana da avtobus “Koroğlu” metrostansiyasının yanından yola düşürdü. 101 saylı marşrut avtobusunu bu istiqamətə gedən hər kəs yaxşı tanıyır. Bu, özlüyündə yaxşı haldır ki, bir marşrut illərlə eyni istiqamət üzrə hərəkət edir və uzun müddət o yerlərə gəlməyənlərin də yadında qalır.

Artıq qeyd etdim ki, Türkan kəndinə uzun illər “Koroğlu” metrostansiyasından 101 saylı marşurut avtobusu işləyib. Son bir ildə isə bu marşrut ləğv edilib. Bəs Türkan əhli kəndə necə gedib-gəlir? Demək olar ki, Türkan əhalisi kəndə yox, sanki o dünyaya gedib-gəlir. Deməli, 101 saylı marşrutun ağzını döndəriblər Mərdəkan tərəfə və bu marşrut Mərdəkandan Türkana işləyir. Bakı şəhərindən Türkana getmək üçün isə, gərək Hövsan qəsəbəsinə gedəsən, oradan isə 215 saylı avtobusa minmək lazımdır. Yəqin avtobus deyəndə adi avtobuslar nəzərdə tutulur, xeyr. Hövsan qəsəbəsindən Türkandakı Vərəm Sanatoriyasına qədər işləyən avtobus QAZel tipli maşınlardandır. Görəsən indi hansı dövrdə yaşayırıq ki, QAZel markalı maşınlardan avtobus kimi istifadə olunur? Bu avtobusların içində 7-8 oturacaq var. Qalan sərnişinlər da ayaqüstə durmalıdır. Hamısı da boynu əyri vəziyyətdə getməyə məcburdur. Çünki avtobusun alçaq tavanı boynu dikəltməyə imkan vermir.

Maraqlıdır ki, 15-20 minə qədər əhalisi olan bir kəndin insanlarını belə bir marşrutda getməyə məcbur edirlər. Məgər Türkan kəndi Bakı kəndləri içərisində BNA-ya ögeydir ki, onların “Koroğlu”  metrostansiyasından birbaşa normal avtobusları olmasın? Görəsən, Türkan əhlinin BNA qarşısında hansı günahları var? Hansı “ağıllının” ağlına gəlib ki, Türkan kəndinə metrodan birbaşa marşurut getməsin? Niyə, nə səbəbə görə?

Nəzərə alsaq ki, Türkan kəndi daha əvvəlki illərdəki kimi kiçik deyil. Kənd xeyli böyüyüb, inkişaf edib, əlavə həyətlər və evlər yaranıb. Az qala Türkana birləşmiş bağ massivində yaşayanları da bura əlavə etsək, 20 mindən çox əhalisi olan bir yaşayış məkanı yaranır. Yəni 20 min əhaliyə şəhərin istənilən metrosu istiqamətinə birbaşa avtobus açmaq olmaz? Nəyə görə bu qədər əhali şəhərə gəlmək üçün iki marşurutdan istifadə etməlidir? Özü də 215 saylı marşurut QAZeli Türkandakı sanatoriyanın yanından sonuncusu axşam saat 20:00-da çıxır. Deməli, axşam saat 8-dən sonra şəhərə gəlmək böyük bir müşküldür. Belə də marşrut cədvəli hazırlamaq olar?

***

Bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm. Yuxarıda adını çəkdiyim bağ massivində bir Məscid fəaliyyət göstərir. Düz Türkanın içindən Məscidin yanına qədər asfalt yoldur. Sanatoriyanın yanından həmin Məscidə qədər təxminən 3-4 kilometrlik məsafədir. Təsəvvür edin, bağ massivinə gələn insanlar sanatoriyanın yanında o QAZel maşınından düşüb, bu qədər yolu pay-piyada getməlidirlər. Bu insanların arasında uşaqlı, hamilə, qoca, xəstə olanlar da var. Axı hamının şəxsi avtomobili yoxdur. Bu 215 saylı QAZelin yolunu heç olmasa 3-4 kilometr də olsa, uzadıb Məscidin yanına qədər gətirmək olar axı. Amma istəyərdik ki, bu marşrut böyüyüb şəhərdəki kimi və ya digər Bakı kəndlərinə işləyən iritutumlu avtobuslar olsun.

Türkan kənd əhalisinin ən böyük arzusu və istəyi odur Bakının digər kəndlərinin sakinləri kimi, onların da hər hansı metroya birbaşa avtobusları olsun. Axı Türkan kəndini o biri kəndlərdən niyə fərqləndirirlər? Bildiyim odur ki, uşaqlı- qocalı, qadınlı, kişili bu kəndin əhalisi marşurutun əlindən zülm çəkirlər. Bütün Bakı kəndlərindən şəhərin hər hansı metrosuna birbaşa marşurut avtobusu  olduğu halda, yalnız Türkan kəndinin əhalisi şəhərə gəlmək üçün 2 marşurut dəyişməlidir.

***

Redaksiyamıza zəng edən Türkan sakinləri mənimlə söhbətində bildirdilər ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Türkan əhalisinin sevimlisi hörmətli Mehriban xanım Əliyevanın bu problemdən xəbəri yoxdur. Sakinlərin dedikləri: “Türkan kəndinin bütün sakinləri Mehriban xanımın xətrini çox istəyirlər. O, bu rayondan deputat olanda, bizim kənd üçün çox böyük işlər gördü. Uzun illər bərbad vəziyyətdə olan kənd yollarının və məhəllələrin hamısına asfalt çəkildi. Kəndin bütün küçələri işıqlandırma sistemi ilə təmin olundu. Kənddə olan internat məktəbi nəinki super səviyyədə təmir olundu, hətta ən müasir avadanlıqlar, yatacaqlar alınaraq şagirdlərin ixtiyarına verildi. Mehriban xanım kəndə gələndə hər bir sakinlə öz doğması kimi danışırdı, hamının problemi ilə maraqlanırdı. Mövcud problemlər dərhal həllini tapırdı. İndi Mehriban xanımın işi həddindən artıq çoxdur və bir kəndin yox, bütün respublikanın problemləri ilə məşguldur. Bu səbəbdən də biz tərəfə gəlməyə vaxt çatdıra bilmir. O Allaha and olsun Mehriban xanım bilsə ki, bizim kəndin əhalisi marşruta görə əziyyət çəkir, həmin andaca o problemi həll edərdi. Sizdən xahiş edirik ki, bu dərdimizi Mehriban xanıma çatdırın. Bizim dərdimizə yalnız o əlac edə bilər”.

Göründüyü kimi, Türkan sakinləri marşurut əlindən dad döyürlər. Bütün bunlar barədə istədim ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə söhbət edəm. Ancaq Mais Ağayevin telefonuna son 2 ayda bir dəfə də düşə bilməmişəm. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli yəqin ki, bu barədə ciddi tədbir görəcək. Hər bir qurum rəhbərinə mətbuat və saytlarla işləyə bilən mətbuat xidmətinin rəhbəri lazımdır. Onu tapa bilməyəndə isə, onda belə yazılar ortaya çıxır.

Mən həm şəhərimizin dayanacaqlarındakı “Bakıkart”a balans artıran aparatların niyə yiğışdırılması və Türkan kəndinə gedən 101 saylı marşurutun niyə yox edilməsi barədə suallarımı verib cavab alacaqdım. Yaxşı olardı ki, mən bu yazıda əks tərəf kimi BNA-nın sözçüsü olan Mais Ağayevin fikrini də öyrənib, dərc edə biləydim. Çox təəssüf ki, 2 ay ərzində bu, bizə müyəssər olmadı. Necə deyərlər, bizdən yazmaq, sizdən eşitməkdir. İnanmaq istəyirəm ki, hörmətli Vüsal Kərimli 20 minə yaxın əhalisi olan Türkan kəndinin marşurut probleminə bir əncam çəkəcək. Bax onda görünəcək ki, bu kənd BNA-ya ögey deyil və sakinlər Bakının digər kəndləri kimi, metroya işləyən avtobusla rahat iş-güclərinə gedib-gələ biləcəklər.

Mövzunu gündəmdə saxlayacağıq.

Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN