“Şadam ki, forumda iştirak edən qonaqlarla və ilk növbədə, Azərbaycanın “beyin mərkəzləri” ilə yaxından tanış oldum”.
Bu fikirləri bu günlərdə Bakıda keçirilmiş Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) və Azərbaycanın İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) təşkilatçılığı ilə CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumunun iştirakçısı, Gürcüstanın “Policy and Management Consulting Group”un (PMCG) tədqiqat direktoru Giorgi Xiştovani bildirib.
O, iki ölkə arasında əməkdaşlıqdan danışarkən vurğulayıb ki, Bakı ilə Tbilisi arasında iqtisadi əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir və son 5 ildə Azərbaycan Gürcüstanın ən mühüm iqtisadi tərəfdaşına çevrilib:
“Bu, ilk növbədə, enerji sahəsində əməkdaşlığa aiddir. Xüsusilə dünyada müşahidə edilən mövcud enerji böhranı fonunda Azərbaycanla sıx əməkdaşlıq ölkəmizə böyük fayda gətirir. Bununla belə, enerji komponenti tərəfdaşlığımızın yalnız bir hissəsidir, bizim daha dərin əməkdaşlıq perspektivlərimiz var. Qida ticarətindən tutmuş xidmət sahələrinə qədər əməkdaşlıq hər iki tərəf üçün çox faydalı olardı”, - o bildirib.
PMCG direktoru vurğulayıb ki, indiki geosiyasi şəraitdə Gürcüstan və Azərbaycan vasitəsilə Avropadan Asiyaya tranzit yüklərin həcminin dəfələrlə artması üçün yaxşı imkanlar var. O, həmçinin SOCAR-ın Gürcüstan iqtisadiyyatındakı danılmaz rolundan da bəhs edib:
“SOCAR Gürcüstanın enerji sektorunda çox böyük oyunçudur və iqtisadiyyatımızın kifayət qədər fəal iştirakçısıdır. Belə bir tanınmış şirkətin ölkəmizdə geniş fəaliyyəti bizi çox sevindirir”, - deyib.
Xatırladaq ki, SOCAR-ın Gürcüstandakı fəaliyyəti 16-cı ilə qədəm qoyub. 2006-cı ildə təsis olunan SOCAR-a məxsus Kulevi Neft Terminalı vasitəsilə neft məhsullarının Qərb bazarlarına nəqlini həyata keçirir. “SOCAR Energy Georgia” MMC özünün törəmə şirkətləri vasitəsilə 112 yanacaqdoldurma məntəqəsi, 16 xidmət mərkəzi və 5 neft terminalını istismar edir, Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. Şirkət Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanması ilə məşğuldur və yerli qaz şəbəkələrini idarə edir. “SOCAR Georgia Gas” şirkətinin tərəfindən göstərilən xidmətin əhatə etdiyi abunəçilərin sayı 2008-ci ildən bəri (2021-ci ilin sonuna olan məlumata görə) 78 min abunəçidən 808 min abunəçiyə qədər artmışdır.
Qeyd edək ki, Asiya İnkişaf Bankı tərəfindən 2001 -ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq (CAREC) Proqramı 11 ölkəni (Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Banki, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir.
Y.MƏMMƏDLİ