İstehlakçılar şikayətçi oldular, Dövlət Xidməti tədbir gördü

Qeyd edək ki, bütün dünyada taxılın qiymətinin qalxması Azərbaycanda da unun və çörəyin qiymətinə təsirsiz ötüşmədi.

Bir müddət əvvəl un və çörək istehsalçıları bəyanat yayaraq bildirildilər ki, dünya bazarlarında müşahidə olunan bu vəziyyət və ixracın məhdudlaşması ilə əlaqədar ölkəyə taxıl və un idxal edən sahibkarlıq subyektləri ciddi qiymət təzyiqləri ilə üzləşiblər. Cari ilin iyul ayında ölkəyə ərzaqlıq buğdanın orta idxal qiyməti 402,46 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 67 faiz (orta idxal qiyməti 241 ABŞ dolları), dekabr ayı ilə müqayisədə isə 18,4% (orta idxal qiyməti 339,89 ABŞ dolları) yüksəkdir.

yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kiloqramlıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.

Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qramlıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qramlıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcəkdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də istehlak bazarında çörəyin faktiki çəkisi ilə etiketdə göstərilən çəkinin uyğunluğuna nəzarət edilməsi istiqamətində monitorinqlər aparır.

“Bizim Market”də satılan “Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciəti araşdırılıb və istehlakçının çəkidə aldadıldığı müəyyən edilib. “Bizim Market” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

***

AİBNDX-dən bildirilib ki, çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı Dövlət Xidməti tərəfindən iri çörək istehsalçıları və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərilib və qanunvericiliyə riayət olunması tələb edilib.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, istehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və ya çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda istehlakçıların aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manata, vəzifəli şəxslər min beş yüz manatdan iki min manata, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.

***

Bəli, dünya bazarlarında ərzağın, əsasən də buğdanın qiymətinin artması səbəbindən yaranmış bahalıq, onsuz da əhalinin cibini yandırır, bir yandan isə belə möhtəkirlər bərəkətə haram qataraq insanların vəziyyətini daha da ağırlaşdırırlar.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN