“Regionda baş verən son hadisələr fonunda, Qırğızıstan məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılması daha məqsədəuyğundur.”
Bu fikirləri Bakıda keçirilmiş CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumunun iştirakçısı, Qırğızıstan Respublikasının Dövlət İdarəçilik və Siyasət İnstitutunun direktor müavini və baş elmi işçisi Roman İsaakoviç Mogilevski Azərbaycanla Qırğızıstan arasındakı iqtisadi əməkdaşlıqdan bəhs edərkən bildirib.
O, iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarının kifayət qədər geniş, çoxşaxəli olduğunu, həm də bir sıra oxşar cəhətlərini açıqlayıb:
“Ölkələrimiz arasında bir sıra oxşar cəhətlər var, məsələn, biz kənd təsərrüfatına böyük önəm veririk. Əməkdaşlıq üçün vacib sahələrdən biri turizmdir. Bu sahədə Bakının böyük nailiyyətləri var, Qırğızıstan da bu istiqamətdə işləyir. Bundan əlavə, son hadisələr fonunda Azərbaycanın bütün Mərkəzi Asiya ölkələri və Qırğızıstan üçün tranzit rolu mühüm əhəmiyyət kəsb edir və biz də bu istiqamətdə əməkdaşlıq edirik”,- deyib.
Həmçinin vurğulayıb ki, Qırğızıstan üçün Azərbycandan investisiyalar cəlb etmək də əsas prioritetlərdəndir.
Onun fikrincə, regionda baş verən son hadisələr fonunda, Qırğızıstan məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılması daha məqsədəuyğundur.
R.Mogilevski hazırda yaranmaqda olan, Azərbaycanın əsas rol oynadığı, Mərkəzi Asiyanı Qara dənizlə birləşdirən irimiqyaslı layihəyə qoşulmağa da maraq göstərdiklərini bildirib.
Xatırladaq ki, bu il ölkəmizə səfər edən Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov çıxışı zamanı Azərbaycanın etibarlı tərəfdaş olduğunu, Qırğızıstanın ölkəmizlə iqtisadi əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiyini, həmçinin birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib. Prezident ölkəsində investisiyaların cəlb olunması, sahibkarlığın təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, qida sənayesi, yeni texnologiyalar, turizm, kənd təsərrüfatı və sair istiqamətlərdə görülən işlər barədə danışıb, Azərbaycan və Qırğızıstanın biznes dairələrini fəal əməkdaşlığa dəvət edib.
Xatırladaq ki, hazırda Azərbaycanda müxtəlif sahələrdə 60-a yaxın Qırğızıstan şirkəti fəaliyyət göstərir.
Y.MƏMMƏDLİ