Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə bəzi xüsusi iqtisadi tədbirlərin müddətinin uzadılması haqqında” fərman imzalayıb.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Sənədə əsasən, Rusiyaya qarşı sanksiyalar tətbiq edən və ya dəstəkləyən ölkələrin məhsullarına tətbiq edilən embarqo 2023-cü il dekabrın 31-dək uzadılır.
Qeyd edək ki, ilk dəfə 2014-cü ildə bir il müddətinə ərzaq embarqosu tətbiq olundu, zaman keçdikcə bu tədbirin tətbiq olunduğu ölkələrin siyahısı genişləndi.
Xatırladaq ki, 2014-cü ildə Vladimir Putinin Qərbə qarşı xüsusi iqtisadi tədbirlərin bir il müddətinə uzadılması haqqında fərmanına görə, cavab tədbirləri 6 avqust 2015-ci il tarixindən uzadılmışdı.
Fərmanda Putin hökumətə müəyyən tədbirlərin müddətinin dəyişdirilməsi ilə bağlı təkliflər vermək hüququ vermişdi. "Lazım gələrsə, müəyyən xüsusi iqtisadi tədbirlərin müddətinin dəyişdirilməsi ilə bağlı təkliflər verin", - deyə sənəddə deyilirdi.
Ərzaq embarqosuna əsasən, bir il ərzində ABŞ, Aİ ölkələrindən və Rusiyaya qarşı sanksiyalar tətbiq edən dövlətlərdən mal idxalı məhdudlaşdırılmışdı. Qadağaya ət, balıq, süd məhsulları, tərəvəz və meyvələr daxil edilmişdi. Lakin daha sonra qida əlavələri, vitaminlər, laktozasız süd və laktoza olmayan süd məhsulları, hibrid şirin qarğıdalı, noxud, soğan, qızılbalıq və alabalıq qızartması, toxumluq kartof sanksiyalardan azad edilmişdi.
Y.MƏMMƏDLİ