Azərbaycanda dolların məzənnəsi ilə bağlı qərarı Mərkəzi Bank verə bilər...
Bu gün bir araya gələcək ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sabah uçot dərəcəsi ilə bağlı yeni qərarını açıqlayacağı gözlənilir. Artıq qlobal birjalar FED-in potensial addımına reaksiya verməkdədirlər. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənib. 57.6 faizini avro təşkil edən səbət valyutalar bu ilin geridə qalan aylarında dollara nisbətən ümumilikdə 20.0 faizə yaxın dəyər itiriblər.
Bunu millət vəkili Vüqar Bayramov dolların gələcək aqibətindən danışarkən bildirib.
Dollar yenidən bahalaşacaqmı? - sual edən millət vəkili xatırladıb ki, ötən həftə dollar ilə kursu bərabərləşən avro yenidən ABŞ pulundan ucuz təklif olunur.
"Avropa Mərkəzi Bankının son qərarına rəğmən avronun məzənnəsində artımlar müşahidə olunmadı. ABŞ-da son 40 ilin ən yüksək inflyasiyasının müşahidə olunmasına baxmayaraq FED-in qərarları dolları möhkəmləndirməkdə davam edir", - deyib.
Azərbaycanda da dollar bahalaşa bilərmi?
O, vurğulayıb ki, Azərbaycan Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı:
"Bu milli valyutada yığımlar və uzunmüddətli sərmayə qoyuluşları, xüsusən də yerli investisiya baxımından da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir", - Vüqar Bayramov diqqətə çatdırıb.
Millət vəkili əlavə edib ki, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir.
"Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımız da milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.
Bütün bunlar ilə yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", -deyə millət vəkili açıqlayıb.
JASMİN