Ötən il isə idxal olunan məhsulların cəmi 1,5%-nin dəyəri Fransanın payına düşüb...
Dövlət Gömrük Komitəsi cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ilk 15 əsas ölkə ilə ticarət dövriyyəsinin həcmlərini açıqlayıb.
Qeyd edək ki, ilk yerdə İtaliynın adı qərarlaşıbdır.
Ölkəmizin İtaliya ilə ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 2,5 dəfəyədək artaraq 17 354 039.78 min ABŞ dolları təşkil edib.
İkinci əsas ölkə isə Türkiyədir. Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 44,6 faiz artaraq 5 057 994.81 min dollar təşkil edib.
Üçüncü yerdə Rusiya olub ki, bu ölkə ilə ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 22,3 faiz azalaraq 2 867 784.82 min dollar təşkil edib.
Sonrakı yerlərdə - Hindistan, Çin, İsrail, Yunanıstan, Böyük Britaniya, Xorvatiya, Almaniya, İspaniya, Çexiya, Portuqaliya, Gürcüstan, Ukraynanın adları qərarlaşıb.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 120 ölkəyə məhsul ixrac olunmuş, 174 ölkədən idxal olunmuşdur.
2021-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 35556,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 23850,6 milyon dollarını və ya 67,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 11705,8 milyon dollarını (32,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 12144,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır..
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 15,8 faizi Türkiyə, 14,0 faizi Çin, 5,4 faizi Almaniya, 4,0 faizi Ukrayna, 3,8 faizi ABŞ, 3,6 faizi İtaliya, 3,4 faizi İran, 2,3 faizi Birləşmiş Krallıq, 2,2 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,7 faizi Braziliya, 1,6 faizi İsveçrə, 1,5 faizi Fransa, 1,2 faizi Hindistan, 1,1 faizi Belarus, 1,0 faizi Vyetnam, 17,8 faizi isə digər ölkələrin payına düşmüşdür.
Y.MƏMMƏDLİ