"Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə  əməkdaşlığın inkişafını prioritet istiqamət kimi qəbul edir. 

Xalqlarımızı birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir. Bu ilin noyabrında  Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında “Türk dünyası böyük bir ailədir” söyləyən dövlət başçısı İlham Əliyev  bu çağırışı etdi ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika,  kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı,

təhlükəsizlik, müdafiə kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Ümumilikdə İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar fonunda türk dünyasının birliyi istiqamətində atılan addımlar, türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin genişlənməsi diqqətdən kənarda qalmır. Bunu cari ildə dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, həmçinin həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərlərinin say tərkibi, imzalanan sənədlərin  əhatə dairəsinin genişləndirilməsi də təsdiqləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da bu birlik amallarına sadiq qalacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malikdir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə "Təzadlar"a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin  Türkmənistana işgüzar səfəri, səfər çərçivəsində Azərbaycan Prezidentinin Türkiyə və Türkmənistan prezidentləri ilə təkbətək, eyni zamanda, Azərbaycan, Türkiyə, Türkmənistan  dövlət başçılarının geniş və məhdud tərkibdə görüşləri əlaqələrin gələcək inkişafına xidmət edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi apararaq vahid mövqe ortaya qoyulmasına imkanlar yaratdı: “Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının  Üçtərəfli Zirvə Görüşünün keçirilməsi, əlaqələrin müxtəlif sahələr üzrə inkişafına yönələn 6 sənədin imzalanması ümumilikdə  türk dünyası üçün mühüm  hadisə kimi dəyərləndirilir.  Bu səfər Prezident İlham Əliyevin  2022-ci il ərzində Türkmənistana ikinci səfəridir. Bu mühüm məqamları da xüsusi qeyd etməliyik ki,  2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Ötən ilin yanvarında isə  Xəzərdə əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə böyük töhfə kimi dəyərləndirilən  Azərbaycan  Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması da qlobal səviyyədə çox mühüm əhəmiyyət kəsb edir. Memoranduma Azərbaycanın 2020-ci ildə tarixi Zəfərinin  yaratdığı  yeni reallıqlar kontekstindən yanaşan beynəlxalq ekspertlər bildirirlər ki, sənədin  reallaşdırılması həm iki ölkə arasındakı münasibətlərə, həm regional, həm də qlobal əməkdaşlığa veriləcək töhfələrin aydın mənzərəsini yaradır.”

 “Azərbaycanın qardaş Türkiyə və Türkmənistanla ikitərəfli əlaqələri yüksək səviyyədədir. Bu baxımdan üçtərəfli formatda əməkdaşlığın yaradılması həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsində öz sözünü deyəcək” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,  türkdilli dövlətlər  beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyevin  çıxışında vurğuladığı kimi, tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıblar.

 Vüqar Rəhimzadə onu da əlavə edib ki, Prezident  İlham Əliyev daim türk dünyasının birliyinə çalışaraq  Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin fonunda digər ölkələrlə də belə sıx birliyin yaradılmasına çağırışlar edib və bu gün də etməkdədir:  "44 günlük  İkinci Qarabağ müharibəsində  dünyaya nümunə olan bu birlik, həmrəylik bir çox məqamları özündə ehtiva edərək türkdilli  dövlətlərin postmünaqişə dövründə birliyi məsələsini daha da aktuallaşdırdı. Vətən müharibəsinin başlandığı ilk gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı dünyaya səs saldı, bu dostluğun, qardaşlığın sarsılmazlığının təqdimatı oldu. Ötən il 15 İyun-Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşa Azərbaycan və Türkiyənin dostluğunu, qardaşlığını, müttəfiqliyini rəsmi şəkildə təsdiqləyən sənədə şahidlik etdi. Şuşa Bəyannaməsi iki qardaş ölkənin əlaqələrinin gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirildi. Ümumilikdə dövlət başçısı İlham Əliyevin ötən il  Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi məhz möhtərəm Prezidentimizin türk dünyasının birliyinə verdiyi töhfələrin aydın ifadəsidir.”

     YAP Xətai rayon təşkilatının sədri pandemiya dövründə də Azərbaycanın irəli sürdüyü təşəbbüslər sırasında türk dünyasının birliyinə xidmət edən addımları xüsusi diqqətə  çatdırıb. Bildirib ki, Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün keçirilməsi bunun bariz nümunəsidir: “Ölkəmiz hər zaman birlik, həmrəylik təşəbbüsləri ilə çıxış edir, dünyaya dostluq, əməkdaşlıq mesajlarını ünvanlayır. Azərbaycan yerləşdiyi coğrafi məkana görə dövlətlər, xalqlar arasında əməkdaşlıq körpüsü  rolunu oynayır. Heç də təsadüfi deyil ki, Azərbaycanın bu mövqeyi beynəlxalq səviyyədə təqdir edilir.”   

“Hər bir Zirvə Görüşü  münasibətlərin dünəninə baxış fonunda qarşıdakı dövr üçün hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Artıq göründüyü kimi,  türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə addımlamaları reallıqdır. Bu reallığın formalaşdırılması üçün  əməli addımlar atılır, təqdirəlayiq nəticələr əldə olunur, qazanılmış hər bir nailiyyət növbəti uğurlarla möhkəmləndirilərək daha da inkişaf etdirilir. Postmünaqişə dövrünün yeni reallıqları, xüsusilə  Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da  möhkəmləndirəcək.  Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Üçtərəfli Zirvə Görüşündəki çıxışında diqqəti Zəngəzur dəhlizinin açılması məsələsinə yönəldərək bildirdi ki, hazırda  dəhlizin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”,- deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri  belə bir ümumiləşdirməni aparıb ki, türk dünyası üçün möhtəşəm bir gələcək başlanır:  “Ölkələr arasında əlaqələrin ikitərəfli, yaxud üçtərəfli formatda yüksələn xətlə inkişafı Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın dərinləşməsini şərtləndirir. Ümumi nəticə budur ki, türk dövlətləri bundan sonra da bütün məsələlərdə bir-birlərini  dəstəkləyəcək, əməkdaşlıq edəcək, imzalanacaq yeni-yeni sənədlər münasibətlərimizin gələcək inkişafı üçün möhkəm hüquqi baza olacaq. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulayan dövlət başçısı İlham Əliyev bu inamı ifadə edir ki, belə görüşlər bundan sonra müntəzəm keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək. Zirvə Görüşünün  ölkələrimiz, bölgəmiz və bütün türk dünyası üçün xeyirli olmasını arzulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu inamı ifadə etdi ki, qardaşlıq bağlarımızla güclənən əlaqələrimiz sahib olduğumuz strateji üstünlüklər əsasında daha da genişlənəcək. Hədəfimiz qlobal və regional dinamika ilə birlikdə inkişaf edən yeni imkanları insanlarımızın rifahı və bölgəmizin sabitliyi naminə dəyərləndirməkdir. Qardaşlar olaraq əl-ələ verib həmrəylik içərisində hərəkət etdiyimiz bütün məsələlərdə  mütləq uğur qazanacağıq. Qarabağın 30 ilə yaxın işğalına son qoyan Vətən müharibəsi bunun ən son nümunəsidir.”

Elçin Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN