“Yeni tariflərin tətbiq olunmasından sonra DİN-ə yönləndirilən elektron sorğulara da əlavələr edilib”.
***
Məhkəmə və hüquq-mühafizə orqanları nəqliyyat vasitəsinin icbari sığortası ilə bağlı məlumatları sorğu vasitəsilə İcbari Sığorta Bürosundan alır.
Bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov nəqliyyat vasitələrinin sığorta qaydalarını həyata keçirilmə qaydasından danışarkən bildirib.
O, qeyd edib ki, həmçinin nəqliyyat vasitəsinin sığortasının mövcud olub-olmaması barədə məlumat Daxili İşlər Nazirliyinə (DİN) elekron sistem vasitəsilə ötürülür.
İcraçı direktor diqqətə çatdırıb ki, nəqliyyat vasitəsinin nömrəsi yoldakı foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə (radar) tərəfindən oxunur və avtomatik rejimdə onun sığortasının olub-olmadığı 24 saat ərzində bir dəfə sorğulanır.
“Sığorta olmadığı halda, həmin nəqliyyat vasitəsinin sahibinə cərimə tədbiq olunur. Sığorta şəhadətnamələri generasiya edilərkən lazımi məlumatlar DİN-in müvafiq sistemindən götürülür. Yeni tariflərin tətbiq olunmasından sonra DİN-ə yönləndirilən elektron sorğulara da əlavələr edilib”, -deyə icraçı direktor bildirib.
O, həmçinin nəzər çatdırıb ki, əvvəllər yalnız sürücünün şəxsiyyət vəsiqəsinin məlumatları və nəqliyyat vasitəsinin mühərrik həcmi sorğulanırdısa, artıq avtomobilin qeydiyyat ünvanı, sahibinin sürücülük təcrübəsi, ünvanı və yaşı barədə məlumatlar alınır:
“Nəqliyyat vasitəsini sığortalamaq istəyən şəxslə onun sahibinin fərqli şəxslər olduğu aşkarlanarsa, elektron sistem avtomatik rejimdə sorğunu etibarnamələrin mövcudluğunun yoxlanılması üçün Ədliyyə Nazirliyinə yönəldir. Etibarnamənin olması təsdiqini taparsa, vətəndaşa sığorta şəhadətnaməsinin verilməsinə icazə verilir. Əks halda, sığorta marağının olmamasına görə, sığortalanma həyata keçirilmir”, - deyə o, bildirib.
Qeyd edək ki, yeni qaydalara əsasən, baza sığorta haqqı, yəni 50 manat olduğu kimi qalır, lakin risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir.
***
Xatırladaq ki, avqust ayında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” təsdiq edilmişdir.
Nəzərdə tutulan dəyişikliklərin nəqliyyat vasitələri sürücülərinin sürücülük məsuliyyətinin artırılmasına və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə AVSMMİS sahəsində mövcud problemlərin aradan qalxmasına, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına xidmət edəcəyi bildirilir.
Y.MƏMMƏDLİ