Rusiya 2023-cü il yanvarın 1-dən Zaporojye vilayətinin müvəqqəti işğal altında olan Melitopol şəhərində qrivnanın dövriyyəsini qadağan etməyi planlaşdırır.
Melitopol meri İvan Fyodorovun sözlərinə görə, onlar Melitopol sakinlərini Ukrayna qrivnasını rus rubluna dəyişməyə məcbur edirlər.
"Yanvarın 1-dən işğalçılar iqtisadi terroru da gücləndirəcəklər - onlar qrivnanın dövriyyəsini qadağan edəcək və onu "federal cinayətlə eyniləşdirəcəklər", - deyə şəhər meri bildirib.
Mer vurğulayıb ki, şəhərdə filtrasiya tədbirləri gücləndirilib. Belə ki, mobil telefonlar, avtomobillər yoxlanılır, vətəndaşlar zirzəmilərə salınır.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.
Artıq 10 aydır ki, Ukraynada dəhşətli müharibə gedir. Ukrayna əhalisinin 12 milyondan çoxu ölkəni tərk etmək məcburiyyətində qalıblar. Bəzi mənbələrin məlumatına görə, onlardan 5 milyonu ölkəyə qayıdıb.Tərəflərin nümayəndə heyətlərinin dəfələrlə bir araya gəlməsinə baxmayaraq, sülhə nail olunmayıb. Artıq bir müddətdir ki, sülh danışıqları davam etdirilmir. Müharibənin 2023-cü ildə də davam edəcəyi qaçılmazdır. Bu barədə Rusiya Prezident Administrasiyasının mətbuat katibi Dmitriy Peskov da mesaj verib...
Y.MƏMMƏDLİ