Çin son 3 ildən bəri (2020-ci ilin martından səyahət məhdudiyyətləri tətbiq olunmuşdu) ilk dəfə olaraq sərhədlərini xarici turistlər üçün açdı.
Artıq Çinə gələn səyahətçilərdən karantində qalmaq tələb olunmayacaq, lakin səyahətdən 48 saat əvvəl mənfi PCR testinin tələb olunması mütləq şərtdir
Çində ay təqviminə görə, illik yeni il səyahət mövsümü bu il yanvarın 22-də başlayır. Çinlilər qohumlarını və dostlarını ziyarət etməyə tələsirlər.
Son vaxtlara qədər Çin “sıfır covid” siyasəti yürüdürdü və əslində, ölkə pandemiyanın başlanğıcından təcrid olunmuş vəziyyətdə yaşayırdı. Ciddi anti-COVID tədbirləri, epidemiyada artımın ən kiçik bir şübhəsi ilə çoxsaylı yoxlamalar və sərt kilidləmələri əhatə etdi və səlahiyyətlilər bütün şəhərləri karantinə aldılar.
Noyabrın sonundakı etirazlardan bəri Pekin ən məhdudlaşdırıcı tədbirlərindən bəzilərini yüngülləşdirdi, baxmayaraq ki, sıfır-covid siyasətindən rəsmi imtina elan edilmədi.
Ondan çox ölkə artıq Çindən gələn səyahətçilərin məcburi sınaqdan keçirilməsini tətbiq edib.
***
Qeyd edək ki, bir müddət əvvəl millət vəkili Vüqar Bayramov Çinin sərhədləri açacağı təqdirdə bunun qlobal iqtisadi artıma təsirsiz ötüşməyəcəyini bildirmişdi.
“Çinin bu addımı bir tərəfdən strateji məhsullara, o cümlədən neftə olan tələbin artmasına səbəb olmaqla, 2023-cü ildə qlobal iqtisadi artımı stimullaşdıracaq. Bu isə qlobal iqtisadiyyat üçün xoş xəbər hesab olunur”, -deyib.
O, həmçinin ölkəmizin əsas iqtisadi tərəfdaşlarından olan Çinin, karantin qaydalarını ləğv etməsinin Azərbaycanlı sahibkarların ticarətinə də stimul verəcəyini vurğulamışdı.
“Çin ilə Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Ötən il ticarət dövriyyəmiz 1.7 milyard dollardan çox olub. Bu isə o deməkdir ki, Çində sərt karantin qaydalarının aradan qaldırılması Azərbaycan vətəndaşlarının, xüsusən də sahibkarların da səfərlərinə təsirsiz ötüşməyəcək”, - deyib.
JASMİN