Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
TEZADLAR.AZ xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 33 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rzayev Daşqın Sabir oğluna məxsus “025” marketdə Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan, qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində etiket məlumatları olmayan ümumilikdə 16 ədəd − 2 ədəd 1 litrlik “Chivas Regal” əmtəə nişanlı viski, 2 ədəd 0.5 litrlik və 1 ədəd 1 litrlik “Absolut” əmtəə nişanlı vodka, 11 ədəd 0.5 litrlik “Organik Line” əmtəə nişanlı − spirtli içki aşkar edilib. Belə ki, içkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın və aksiz markanın kustar üsulla sonradan yapışdırıldığı, qaimə və qida təhlükəsizliyinə dair rəsmi sənədlərinin mövcud olmadığı müəyyən edilib. Müayinələrin aparılması məqsədilə sözügedən məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Aşkar olunmuş alkaqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxardılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.