Qaza qənaət məqsədilə istixanaların, sement və kərpic zavodlarının, uşaq bağçalarının, məktəblərin və xəstəxanaların bir hissəsi kömür yanacağına keçəcək.

Özbəkistanda 2023-cü ildə 5407 sosial obyektin, 1147 istixana və 250 zavodun bu yanacağa keçməsi  gözlənilir.

 Bu, prezident Şavkat Mirziyoyevin bərpa olunan enerji mənbələrinin və enerjiyə qənaət edən texnologiyaların tətbiqinin sürətləndirilməsi haqqında 16 fevral tarixli fərmanında nəzərdə tutulub.

O cümlədən, 2229 uşaq bağçasının, 2432 dövlət təhsili obyektinin və 746 səhiyyə müəssisəsinin kömürə keçilməsi nəzərdə tutulub. Hesablamalara görə, onların qızdırılması üçün əlavə olaraq 184,4 min ton kömür tələb olunacaq.

Artıq paytaxt Daşkənddə 20 məktəbin qızdırılması kömür yanacağına keçəcək: Bektemir rayonunda - 4, Mirzo-Uluqbekdə - 2, Sergelidə - 6, Yenixayotda - 5 və Yaşnabadda - 3.

Buna görə, aprelin 1-dən Özbəkistan ərazisinə idxal olunan kömürün dəmir yolu ilə daşınma məsafəsindən asılı olmayaraq, müəyyən edilmiş tariflərə 50% güzəştlər tətbiq ediləcək.

Mayın 1-dən etibarən isə yeni istixana təsərrüfatlarına, həmçinin sement, kərpic və əhəng istehsalçılarına təbii qaz şəbəkələrinə qoşulmaq üçün texniki şərtlərin verilməsi qadağandır. Bundan əlavə, bütün yanacaqdoldurma məntəqələrində (benzin, mayeləşdirilmiş və sıxılmış qaz) məişət ehtiyacları üçün elektrik enerjisi ilə təminat və onların ərazisinin işıqlandırılmasının ən azı 50%-i günəş panelləri ilə əhatə olunmalıdır.

Fərmanda yeni çoxmərtəbəli binaların dam örtüyünün boş hissəsinin ən azı 50%-nə günəş panellərinin quraşdırılması tələbi təqdim edilir. Bundan əlavə, yazda rayonlarda fərdi evlərə kiçik günəş panellərinin quraşdırılması üçün “Günəş evi” proqramına başlanılacaq. Vahid elektrik enerjisi sisteminə ötürülən hər kVt/saata görə sakinlər 1000 som  (təxminən 0.15 AZN) subsidiya alacaqlar. Bundan əlavə, bərpa olunan enerji mənbələri avadanlığı quraşdıran vətəndaşlar və sahibkarlar vergi güzəştləri əldə edəcəklər.

Xatırladaq ki, Özbəkistan qaz ixracatçısı olan ölkələrdəndir. Ötən il  “Uztransqaz” ASC şirkətinin İdarə Heyətinin sədri Behzot Narmatov mətbuata ” ola bilsin, yaxın gələcəkdə Özbəkistanda hasil edilən qazın hamısı Özbəkistanda qalsın, çünki kimya zavodları genişlənir, daxili iqtisadiyyatı dəstəkləmək lazımdır” açıqlamasını da vermişdi. Şirkət Özbəkistanın ən böyük şirkətlərindən biri hesab olunur. İldə təxminən 60 milyard kubmetr qaz hasil edilir. Bunun 10 %-dən az hissəsi təxminən 5 milyard kubmetri ixrac olunur.

Həmçinin qeyd edək ki, "Epsilon Development Company" (EDC) Özbəkistanın cənubundakı Kaşkadərya rayonunda yeni qaz və qaz-kondensat yatağı kəşf edib.Yatağın ehtiyatları 4 milyard kubmetr qaz və 64 min ton qaz kondensatı səviyyəsində qiymətləndirilir.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN