Kənd təsərrüfatı sənayesindəki böhran təkcə Fransaya deyil, onun bütün Avropa qonşularına da təsir edib.
“France” bu qənaətə gələrək yazıb.
Böyük Britaniyada fermerlər qışda istixanaların qızdırılması xərclərinə qənaət etmək üçün əkin mövsümünü təxirə salırlar. Almaniyadakı fermerlər isə gübrə qiymətlərinin artması səbəbindən istehsal həcmini azaldırlar. Xammalın bahalaşmasını cilovlamağı bacaran İtaliya quraqlıqdan əziyyət çəkir.
Böyük Britaniyada elektrik enerjisinin qiyməti il ərzində 70%, qazın qiyməti 130% artıb. Bir çox təsərrüfatların qazanc əldə etməsi çətinləşir.
Almaniyada donuz əti istehsalı 10% azalıb və bu sənaye problemdən təsirlənən yeganə sahə deyil.
***
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bütün dünyanın iqtisadi düzəni dəyişib. Qərbin, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, Rusiyanın cavab olaraq Avropaya ixrac etdiyi yanacağın qiymətini bahalaşdırması, qərbin qiymət artımı ilə mübarizə məqsədilə qiymət tavan tətbiq etməsi və s. vəziyyəti gün-gündən ağırlaşdırmaqdadır.
Aİ uzun müddətdir ki, Rusiya qazından-neftindən olan asılılıqdan qurtulmaq üçün alternativ axtarışındadır.
Xatırladaq ki, Rusiya-Ukrayna münaqişəsinə qədər Aİ Rusiyadan illik qaz idxalının təxminən 45 faizini təmin edirdi. 2021-ci ildə Rusiya qazının Çinin idxal səbətində payı 10 faiz təşkil edib. Ötən ilin yayında isə Rusiya Çinin ən böyük neft tədarükçüsü olub. Həmçinin Rusiyanın Avropaya sata bilmədiyi qazı Çinə ixrac edəcəyi də gözlənilir.
Rusiya qazının Çinə tədarükü üçün hazırlanmış "Sibirin Gücü" qaz boru kəmərinin ötürücülüyünün ötən il nəzərdə tutulan 16 milyard kubmetrdən 2025-ci ildə 38 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Onu da qeyd edək ki, sanksiyalara görə ötən payız 400 min tondan çox Rusiya gübrəsi Avropa limanlarında dondurulmuşdu...
Müharibənin nə zaman bitəcəyi, sanksiyaların nə zaman qaldırılacağı isə məlum deyil.
Y.MƏMMƏDLİ