Həm Misir, həm də Azərbaycan turizm sahəsində ciddi irəliləyişlər edib. Misir 2024-cü ilə qədər hər il 20 milyon turist cəlb etmək məqsədilə turizmi fəal şəkildə təşviq edir.
Bunu misirli ekspert, Davamlı İnkişaf üçün Qlobal Strategiya İnstitutunun (GSISD) Baş direktoru Şadi Abozayid Azərbaycan və Misir arasında əlaqələrin inkişfından danışarkən bildirib.
O, təşviq təşəbbüslərinə yeni turizm obyektlərinin inkişafı, təkmilləşdirilmiş infrastruktur və yüngül viza tələblərinin daxil olduğunu bildirib.
Ekspert vurğulayıb ki, Azərbaycan da 2023-cü ilə qədər ildə 5 milyon turist cəlb etmək üçün turizm təkliflərini diversifikasiya etmək, infrastrukturu təkmilləşdirmək və viza prosedurlarını sadələşdirmək üzərində işləyir.
“Hər iki ölkənin turizm sənayesindəki potensialını nəzərə alsaq, əməkdaşlıq, təcrübə mübadiləsi, turizm məhsullarının birgə təbliği, o cümlədən dünyanın hər yerindən turistlərin cəlb edilməsi üçün yeni təşəbbüslərin hazırlanması imkanları mövcuddur”, -deyə bildirib.
GSISD-in baş direktoru turizmin qarşılıqlı olaraq inkişafına təkan verəcək məsələləri də diqqətə çatdırıb.
Onun sözlərinə görə, Bakı ilə Şarm əl-Şeyx arasında uçuşların bərpası, misirlilər üçün Azərbaycan vizasının elektron verilməsi, Qahirə ilə Bakı arasında birbaşa hava marşrutunun açılmasının mümkünlüyü Azərbaycan və Misir arasında turizm, mədəniyyət və iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirəcək.
Xatırladaq k ki, Azərbaycanın Afrikada ilk səfirliyi 1994-cü ildə Misirdə açılıb. Ölkələrimiz həm İslam Əməkdaşlıq Təşkilatı, həm Ərəb Dövlətləri Liqası, həm də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanda Misir investisiyalı 51 şirkət fəaliyyət göstərir.
Son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Dövlətlərarası ticarət dövriyyəsi 2020-ci ildə 7792.48 ABŞ dolları həcminə yüksəlib.
2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli Lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub.
Y.MƏMMƏDLİ