Qırğızıstan hakimiyyəti soğan və sarımsağın ixracına qoyulan qadağanı vaxtından əvvəl ləğv edib.
Qeyd edeək ki, qoyulmuş məhdudiyyətlər gözlənilən üç ay əvəzinə bir aydan bir qədər çox müddətə qüvvədə qaldı.
Qırğızıstanın Nazirlər Kabineti soğan və sarımsağın ixracına qoyulan qadağanı ləğv edib. Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Ölkədə yanvarın 31-dən etibarən Özbəkistan və Qazaxıstandan sonra soğan ixracı üç ay müddətinə məhdudlaşdırılsa da, bu tədbir bir aydan bir qədər çox çəkib.
Qazaxıstan KİV-nin məlumatına görə, fevralın sonunda Kənd Təsərrüfatı Nazirliyi qadağanın aradan qaldırılması təklifi ilə çıxış edib. Qurum soğan yetişdirən Qırğızıstan vətəndaşlarının və təşkilatlarının tələblərini yerinə yetirib. Onların fikrincə, ölkədə daxili bazarda tələbatı ödəmək üçün kifayət qədər məhsul var.
Bu gün Qırğızıstan əhalisinin soğana olan tələbatı ayda 6 min ton təşkil edir. Nəşr qeyd edir ki, hazırda fermerlərin 50 min tona yaxın ehtiyatı var ki, bu da öz növbəsində bu həcm əhalinin 2-2,5 aylıq tələbatını ödəyir.
Soğan və digər ərzaq məhsullarının ixracına məhdudiyyətlər Qazaxıstan, Tacikistan, İran və Özbəkistan tərəfindən də qoyulub.
Yanvarda Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi açıq bazarlarda saxlanılan soğanın dondurulduğunu təsdiqləyib. Onun qiymətinin artmasına yanacağın olmaması səbəbindən tədarükdə yaranan fasilələr də təsir edib. Bununla əlaqədar olaraq onun ixracı dörd ay müddətinə məhdudlaşdırılıb.
Yanvarda Özbəkistanda soğanın qiyməti 44,7%, fevralda isə 9,8% ( 12 ay ərzində 3 dəfə) bahalaşıb.
Qeyd edək ki, Azərbaycanda da yanvar ayından soğanın qiyməti xeyli bahalaşıb. Belə ki, kiloqramı 50 qəpiyə olan soğan 1-1,50 manata (qırmızı soğan daha baha) satılır.
Bir vaxtlar, alıcı tapa bilməməsi səbəbindən yol kənarlarında çürüdülən soğan, bu gün ən qiymətli məhsullardan birinə çevrilib. Əvvəlki illərdə soğan məhsulunu sata bilmədiyindən xeyli ziyana düşənlərin bir çoxu ya bu sahədən üz döndərməyə, yaxud az bir sahədə əkməyə başladılar.
Soğanın bahalaşmasının digər səbəbi isə ixrac ilə izah olunur.
Qeyd edək ki, ölkədə təzə soğan aprel-may aylarında satışa çıxarılacaq. Hələlik isə qiymətlərlə razılaşmaq lazımdır...
Y.MƏMMƏDLİ