Təkcə ət məhsulları üzrə idxal ixracatı 16 dəfə üstələyib…
2022-ci ilin xarici ticarət üzrə yekunları göstərir ki, əsas ərzaq mal qrupları üzrə idxal ixracatı üstələməkdə davam edib. İdxalın xaricə göndərdiyimiz məhsullardan daha çox olması ölkədən valyutanın çıxması ilə yanaşı istehlak bazarında qiymətlərə təsiri baxımdan da arzuolunan deyil. Məhz bu səbəbdən, 2022-ci ildə idxal inflyasiyası daha alktiv oldu.
Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayranov bildirib.
Vüqar Bayramov təkcə ət məhsulları üzrə idxalın ixracatı 16 dəfə üstələdiyini, bitki mənşəli məhsullar üzrə isə idxalın 40 faizlik üstünlüyünün olduğunu diqqətə çatdırıb.
“Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il diri heyvanlar və heyvan mənşəli məhsullar üzrə idxalımız 386 milyon 957 min dollar olduğu halda ixracatımız 24 milyon 549 min dollar olub. Yəni, ət məhsulları üzrə idxal ixracatı 16 dəfə üstələyib.
Bitki mənşəli məhsullar üzrə idxalımız 968 milyon 758 min dollar, ixracatımız isə 695 milyon 75 min dollar olub. Bitki mənşəli məhsullar üzrə də idxalın 40.0 faizlik üstünlüyü var”, -deyə o, bildirib.
Deputat idxaldan asılılğımızın yalnız bu kateqoriyalar üzrə olmadığını da əlavə edib:
“Hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər və sirkə və tütün və onun əvəzediciləri məhsullar üzrə idxalımız ötən il daha çox olub. Belə ki, 2022-ci ildə Azərbaycan bu kateqoriya üzrə 1 milyard 38 milyon dollar dəyərində məhsul idxal edib və 162 milyon 180 min dollarlıq ixrac reallaşıdırıb. Göründüyü kimi, bu vacib mal qrupu üzrə də idxal yüksək olaraq qalmaqdadır”, - Vüqar Bayramov vurğulayıb.
Onun sözlərinə görə, dünya və eləcə də regional ərzaq bazarlarındakı volatilliyi və bir sıra məhsullar üzrə qlobal ərzaq qıtlığını nəzərə alsaq, idxalın minimumlaşdırılması daha vacib prioritet olaraq qalmaqdadır.
“2022-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasında da yerli istehsalın dəstəklənməsi və ərzaq təhlükəsizliyi əsas milli prioritetlər sırasındadır. Bu, idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılması və istehlak bazarında qiymətlərin optimallaşdırılması baxımdan da vacibdir",- Vüqar Bayramov diqqətə çatdırıb.
JASMİN