Sosial-iqtisadi inkişafın ayrılmaz hissəsi olan kənd təsərrüfatının artım hədəflərinə nail olunmasına dəstək göstəril
məsi məqsədi ilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bankların fəaliyyətini tənzimləyən əsas aktlarda dəyişikliklər edilib.
AMB-dən TEZADLAR.AZ-a verilən məlumata görə, bu dəyişikliklər “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydası, “Bank kapitalının və onun adekvatlığının hesablanması” Qaydaları, “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair” Qayda və “Banklarda kredit risklərinin idarə edilməsi” Qaydasında aqrar sahənin xüsusiyyətləri və potensial risklərinin minimallaşdırılması ilə bağlı tələbləri özündə əks etdirən aşağıdakı istiqamətləri əhatə edir:
- Kənd təsərrüfatı sahəsinin kreditləşməsini dəstəkləyən requlyativ çərçivəyə “kənd təsərrüfatı krediti” anlayışı və borcalanlar üzrə meyarlar daxil edilib. Kənd təsərrüfatı məhsullarının istehsal prosesini əhatə edən xərclərin, istehsal avadanlıqlarının alınması və kənd təsərrüfatı sahəsində inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədilə verilmiş kreditlər “kənd təsərrüfatı krediti” anlayışına aid edilib. Məhsul istehsalçısı özü olmayıb, yalnız emal və ticarətlə məşğul olan şəxslərə verilmiş kreditlər isə kənd təsərrüfatı krediti deyil, standart biznes kreditləri kimi təsnifləşdiriləcək. Əlavə olaraq, anlayışa aid edilməsi üçün kənd təsərrüfatı subyektinə müvafiq elektron informasiya sistemində qeydiyyatının və bu sahədə müəyyən təcrübəsinin olması kimi meyarlar müəyyənləşdirilib. Eyni zamanda, kənd təsərrüfatı kreditləri üzrə borcalanlar sırasına ailə kəndli təsərrüfatları da daxil edilib;
- Kənd təsərrüfatı kreditlərinin xüsusiyyətləri, o cümlədən mövsümilik faktoru nəzərə alınaraq onlara münasibətdə daha yumşaq ehtiyatlanma tələbləri tətbiq edilib.
- Kənd təsərrüfatı kreditləri üzrə kapital tələbləri müəyyənləşdirilib. Mikro sahibkarlara milli valyutada verilən kənd təsərrüfatı kreditləri 75 faizli risk qrupuna, ailə kəndli təsərrüfatlarına verilən kənd təsərrüfatı kreditləri 100 faiz risk qrupuna aid edilib. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara verilən kənd təsərrüfatı kreditləri isə 50 faiz mövcud risk qrupunda saxlanılıb. Eyni zamanda, dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin onun yerinə yetirilməsinə zəmanət verən fondların zəmanətinin qeyd-şərtsiz təmin olunmuş hissəsi 20 faizli risk qrupuna aid edilib. Bu da, öz növbəsində, digər kreditlərlə yanaşı fondların hər hansı biri üzrə zəmanəti olan kənd təsərrüfatı kreditlərinə də bankların marağını artıracaq;
- Kənd təsərrüfatı kreditləri üzrə xüsusi anderraytinq, restrukturizasiya, monitorinq və kredit inzibatçılığı tələbləri müəyyənləşdirilib. Bu növ kreditlər üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsinə əlavə tələblər (aqrar sığortanın olması) və kredit dosyesi üçün əlavə sənədlər, restrukturizasiya olunmuş kənd təsərrüfatı kreditləri üzrə təsnifləşdirmə tələbləri müəyyən edilib. Kredit inzibatçılığı ilə bağlı bu növ kreditlər üzrə ödəniş cədvəlində sahibkarlıq subyektinin fəaliyyət sikli və mövsümi xüsusiyyətlərinin nəzərə alınması, bankın kredit risklərinin idarə edilməsi siyasətində kənd təsərrüfatı kreditlərinin maliyyələşdirilməsi tələblərinin əhatə edilməsi və bu kreditlərin monitorinqi üzrə tələblər təyin edilib.
Tətbiq edilən dəyişikliklərin bankları kənd təsərrüfatı sektorunun kreditləşməsində aktiv iştiraka təşviq edəcəyi gözlənilir. Beləliklə də, aqrar sənayedə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi maliyyə inklyüzivliyinə və iqtisadi dayanıqlılığa əhəmiyyətli töhfə verəcək.
Kənd təsərrüfatı üzrə yuxarıda qeyd edilən tələblərdən əlavə olaraq real sektorun kreditləşməsini və dayanıqlı inkişafını dəstəkləyən digər tənzimləyici dəyişikliklər də edilib. Belə ki, iri layihələrin banklar tərəfindən maliyyələşməsini stimullaşdırmaq üçün xüsusi meyarlara cavab verən layihə maliyyələşdirilməsi kreditləri tam təminatlı kreditlər hesab edilib. Bu kreditlər üzrə faizlərin ödənilməsi dövriliyinin müvafiq layihə müddətlərinə uyğun olduğu müəyyənləşdirilib. Bu dəyişikliklərlə layihə maliyyələşdirilməsi kreditləri üzrə ehtiyat yükü tənzimlənəcək, həmçinin bu növ kreditlər təminatsız kreditlər üzrə konsentrasiya limitindən istisna ediləcək. Həmçinin ekoloji təmiz avtomobillərin maliyyələşdirilməsinə verilmiş kreditlər üzrə borcalanın borc yükü ilə bağlı ehtiyatlanma tələbləri yumşaldılıb, biznes kreditləri üzrə təmin qismində çıxış edən istehsal, ticarət və digər xüsusi avadanlıqlara dair tələblər yumşaldılıb.
İstehlak kreditlərində isə borcun gəlirə nisbəti əmsalı müvəqqəti olaraq müəyyən edilə bilinməyən (xüsusilə, iş yerini itirmiş şəxslər) borcalanların restrukturizasiyası imkanı yaradılıb. Eyni zamanda, bununla əlaqədar bankın kredit risklərini minimallaşdırmaq üçün sərt təsnifləşdirmə tələbləri müəyyənləşdirilib. Ümumilikdə, son tənzimləmə islahatlarının bank sektoru vəsaitlərinin iqtisadi artımda effektiv rol oynaması, məsuliyyətli borclanma və sağlam kreditləşmə prinsiplərinin möhkəmlənməsi istiqamətində töhfə verəcəyi proqnozlaşdırılır.