…Bu gün Azərbaycanda energetiklərin günüdür! Bu əlamətdar təqvimin təklifini verən isə 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin xeyir- duası ilə Rusiyaya ixtisasartırma kursuna göndərilmiş mərhum Aslanov Şıxməmməd Qəmbər oğlu olmuşdur.
Ş.Aslanov energetika kursunu başa vurub vətənə qayıdır, bu böyük etimadı yüksək səviyyədə doğrultduğundan, Azərbaycanda Heydər Əliyevin təşəbbüsü ilə inşa etdirilən bir sıra iri energetika müəssisələrinə rəhbər təyin edilir. Bu sırada Mingəçevirdəki «Azərbaycan İES» də var… Qafqazın ən böyük enerji hasilatçısı olan «Azərbaycan İES»in yenidən qurulmasından sonra- 2004-cü ilin martında Mingəçevirə səfər edən ölkə başcisi İlham Əliyev buradakı fotostenddə dahi Heydər Əliyevlə Şıxməmməd Aslanovun hələ Sovetlər dövründə çəkilmiş fotosunu görür. Prezidentə Ş.Aslanov haqqında ətraflı məlumat verilir.
O vaxt «Azərenerji»nin rəhbəri olan Etibar Pirverdiyev isə Şıxməmməd Aslanovun işgüzarlığı, peşəkarlığı və s. barədə Prezidentə ətraflı məlumat veriləndən sonra bərk narahatlıq keçirərək yaxın gələcəkdə onun yerinə təyin olunacağından ehtiyat edib görün nələr edir: Prezident Bakıya qayıtdıqdan sonra Pirverdiyev təqdimat yazıb Aslanova siyasi tələ qurur. Belə ki, həmin dövrdə 2 min energetikin kollektiv əmək müqaviləsində qeyd edilmiş milyonlarla manat 14-cü əmək haqları (2000, 2001 və 2002-ci illər üzrə) hesablanır. Beləliklə, Şıxməmməd Aslanov bu əmək haqlarının verilməsinə imza atır, əmr verir, amma E.Pirverdiyevin tapşırığı ilə ödənilmir… Sonradan Pirverdiyev müəssisəni yoxlatdırır, bu qədər vəsaitin mənimsənildiyi ittihamı ilə Ş.Aslanovun məsuliyyətə cəlb ediləcəyini ona diqtə edir. Bununla da E.Pirverdiyev təqaüd yaşına çatanadək Şıxməmməd Aslanovu mənəvi sarsıntılar içində boğur, təzyiq altında saxlayır, Aslanov isə bunlara dözməyərək dünyasını dəyişir…
***
Bu gün-okyyabrın 20-si ölkəmizdə Energetiklər günü kimi qeyd olunur. Amma çoxları bilmir ki, həmin günün təsis olunması təşəbbüsünü Prezident İlham Əliyevə təklif verən məhz Ş.Aslanov olmuşdur. Hansı ki, Energetiklərin peşə bayramı günü- 1981-ci ilin 20 oktyabr tarixində «Azərbaycan İES»in işə düşməsi gününün əsası kimi götürülüb.
Bayramınız mübarək, zəhmətinin işıqlı bəhrəsi hər bir evdə, məkanda… görünən energetiklərimiz!
Xəyyam Qurbanlı