Sahibkarların yoxlanılmasına moratorium (ləngidilməsi, təxirəsalınması) ) müddətinin 2024-cü ilin sonuna qədər uzadılması təklif edilib.
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun sərəncam layihəsi ölkənin İqtisadiyyat və Ticarət Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb.
Bildirilir ki, sənəd sahibkarlıq subyektlərinin iqtisadi fəaliyyətinin sabitləşdirilməsi, biznes mühitinin inkişafının təmin edilməsi, investisiya mühitinin cəlb edilməsi və yaxşılaşdırılması, habelə dövlət orqanlarının sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız və lüzumsuz müdaxilələrinin aradan qaldırılması məqsədilə hazırlanıb.
İqtisadiyyat Nazirliyi qeyd edir ki, sahibkarlar tərəfindən hüquq-mühafizə orqanlarının, vergi və yoxlama aparmaq hüququ olan səlahiyyətli orqanların hərəkətləri ilə bağlı şikayətlərin artması müşahidə olunur.
Sahibkarlar dövlət orqanlarının onların fəaliyyətinə həddindən artıq və əsassız müdaxilələrinin aradan qaldırılmasını xahiş edirlər.
Xatırladaq ki, Qırğızıstanda 2019-cu il yanvarın 1-dən iki il müddətinə sahibkarlıq fəaliyyətinin yoxlanılmasına moratorium tətbiq edilib. 2021-ci ilin sonunda bu müddət 2022-ci il yanvarın 1-dək, daha sonra isə 2023-cü ilin sonuna qədər uzadılıb.
Qeyd edək ki, Azərbaycanda artıq 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb.
Bu ilin fevral ayında da Azərbaycan prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Yəni sahibkarlıq sahəsində yoxlamaların ləngidilməsi müddəti 2024-cü il yanvarın 1-dək uzadılıb.
Onu da əlavə edək ki, yalnız bəzi sahələr var ki, onların yoxlanılması aparıla bilər. Həmin sahələrə insanların həyat və sağlamlığı, dövlət təhlükəsizliyi və s. aiddir.
JASMİN