Azərbaycanın avtomobil idxalçılarının əsasən Gürcüstanın avtomobil bazarından ölkəyə gətirdiyi avtomobillərin sayında xeyli azalma var.

Lakin say azalsa da, avtomobillərə ödənilən qiymət əvvəlki ili ötüb keçib...

Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən, 2023-cü ilin ilk 9 ayı ərzində Gürcüstandan Azərbaycana 371,98 milyon ABŞ dolları dəyərində 19 820 ədəd avtomobil ixrac olunub.

Belə ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı  ötən illə  müqayisədə 5 276 ədəd və ya 21,02% azalsa da,  dəyəri 126,78 milyon dollar, yaxud  51,7% artıb.

 Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 245,2 milyon dollar dəyərində 25 096 ədəd avtomobil ixrac edib.

Heş kəsə sirr deyil ki, Gürcüstandan Azərbaycana idxal edilən avtomobillərin əksəriyyəti ikinci əl- işlənmiş, bəzən istismar müddəti belə bitmiş avtomobillərdir.

Həmin avtomobillərin bir çoxunun (əzilmiş, hava yastıqları açılmış, suya düşmüş və s.) Amerikadan Gürcüstana çox ucuz qiymətə  gətirildiyi, oradakı ustalar tərəfindən təmir edildiyi və Azərbaycan alıcısına satıldığı da heç kəsə sirr deyil. Yəni avtomobil alıcılarının bir çoxunun ikinci əl avtomobil almağa olan marağı da onların təzə avtomobillərin qiymətindən bir qədər ucuz olması ilə əlaqədardır.

Bu il Azərbaycan Respublikası Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. 

Belə ki, Nazirlər Kabinetinin 94 №-li Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.

Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir:

  • 2 ilə qədər olan minik avtomobilləri 2%;
  • 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3%;
  • 5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9%.

Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur.

Görünür, bu qərar avtomobil idxalçılarının seçiminə də təsir edib. Qərardan irəli gələrək tələb də dəyişib.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN