İqlim dəyişikliyinə diqqəti cəlb edən COP29 kimi tədbirlər çox faydalıdır. Bununla belə, düşünürəm ki, sahibkarlar üçün bərpa olunan enerjiyə keçidin faydalarını və ya iqlim dəyişikliyini dayandırmağın yollarını vurğulamaq vacibdir.
TEZADLAR.AZ xəbər verir ki, bunu günəş panelləri və yeni nəsil litium-ion batareyaları istehsal edən “Neosun Energy” şirkətinin baş direktoru İlya Lixov KİV-ə müsahibəsində bildirib.
İş adamı vurğulayıb ki, “İqlim dəyişikliyi” anlayışı mücərrəd səslənə bilər, lakin bu, real əhəmiyyətini o zaman göstərə bilər ki, müəssisələr bunun onlar üçün necə faydalı olduğunu özləri başa düşsünlər.
“Bərpa olunan enerjiyə keçidin faydalarını müəssisələrə aydın şəkildə göstərsək, o zaman onların yeni texnologiyalardan istifadə etmək qərarına gəlməsi daha asan olacaq. Bu keçid, eyni zamanda, şirkətlərə qənaət etmək imkanı verməklə yanaşı, planetimizi daha təmiz və daha yaxşı edəcək. Başqa sözlə, maddi baxımdan başadüşülən və eyni zamanda müsbət dəyişikliklər gətirən konkret hərəkətləri müzakirə etmək vacibdir. Məsələn, günəş enerjisinə keçən müəssisələr üçün belə keçid onlara nəinki iqlimimizin qayğısına qalmağa və karbon izlərini azaltmağa, həm də pula qənaət etməyə imkan verir. Bu yanaşma biznes üçün daha anlaşılandır. Ona görə də konfransdan gözləntim biznes üçün başadüşülən mövzularda dialoqun aparılmasıdır”, - deyə İ.Lixov qeyd edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Bakıda keçiriləcək.
Məlumata görə, COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək.
JASMİN