Deputatın seçicilərinin əsas problemi məşğulluq, əlillik dərəcəsinin alınması, mənzil təmiri, ev təminatı, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminatla bağlı olub.
TEZADLAR.AZ xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov özü bu barədə sosial media hesabındakı paylaşımda bildirib.
O qeyd edib ki, növbəti görüş Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərlə olub.
"Görüş zamanı 25-dən çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Həmyerlilərimizin müraciətləri məşğulluq, əlillik dərəcəsinin alınması, mənzil təmiri, ev təminatı, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər", deyə o diqqətə çatdırıb.
Qeyd edək ki, Vüqar Bayramov 1975-ci il 13 iyun tarixində Füzuli rayonu Aşağı Güzlək kəndində doğulub.
Vüqar Bayramov 2020-ci il 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən VI çağırış Milli Məclisin deputatı seçilib. Vüqar Bayramov MM-də İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvüdür.
Y.Məmmədli