İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib.
İnstitutdan TEZADLAR.AZ-a verilən məlumata görə, yeni dövlət standartları şəhər ərazisində nəqliyyat yollarına dair tələbləri, velosiped parklanma yerlərinin layihələndirilməsi qaydalarını, eyni zamanda ümumi nəqliyyata nəzərən magistral üzərində şəhərdaxili avtobus dayanacaq məntəqələrinin yerinin seçilməsini, dayanacağın növünü və istismar qaydalarını müəyyən edir.
Qəbul edilən dövlət standartları:
- AZS 951:2024 (TS 9826:2013) – “Şəhərdaxili yollar – Velosiped yolları”,
- AZS 952:2024 (TS 9826:1992) – “Şəhərdaxili yollar – Yolkənarı piyada məhəccərləri (metal) – Yer seçimi və layihələndirmə qaydaları”,
- AZS 953:2024 (TS 11782:2013) – “Şəhərdaxili yollar – Velosiped parklanma yerlərinin layihələndirilməsi qaydaları”,
- AZS 954:2024 (TS 11783:2024) – “Şəhərdaxili yollar – Avtobus dayanacaq məntəqələri nöqtələrinin seçilməsi qaydaları”,
- AZS 955:2024 (ГОСТ Р 52605-2006) – “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Süni maneələr. Ümumi texniki tələblər. Tətbiq qaydaları”.
Beynəlxalq təcrübə və yerli tələblər nəzərə alınaraq hazırlanan yeni dövlət standartlarının tətbiqi yol infrastrukturunun davamlı və effektiv idarə olunmasına, eləcə də şəhər daxilində təhlükəsiz və nizamlı hərəkət mühitinin formalaşmasına şərait yaradacaq. Sözügedən standartlar standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.