İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib.

Tezadlar.az bildirir ki, müxtəlif sahələrdə (ticarət, istehsal, xidmət və s.) fəaliyyət göstərən 30-dan çox mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, təsərrüfat subyektlərinin (obyektlərinin) və uçot vahidlərinin (NKA, POS-terminal və s.) uçotuna dair tələblər, vergi ödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri barədə məlumat verilib, sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklər dinlənilib.

Tədbirdə çıxış edən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar, tətbiq edilən güzəştlər, zəruri olan tələblər və qaydalar, həmçinin sosial sığorta subsidiyalaşdırılması, kommunal xidmətlər üçün təqdim olunan güzəştlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu ərazilərdə tətbiq edilən xüsusi yanaşma, sahibkarlığın inkişafına yönəlmiş dəstək mexanizmləri, insanların və işçi qüvvəsinin cəlb olunması, infrastrukturun böyüməsi baxımından önəm kəsb edir.

Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin rəisi Çingiz Quliyev bildirib ki, hazırda Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən Şərqi Zəngəzur ərazisində fəaliyyət göstərən vergi ödəyicilərinin monitorinqi aparılır. Monitorinqin əsas məqsədi sahibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatda olmalarının qiymətləndirilməsidir ki, məhz bu zəruri məqam onlara təklif edilən vergi güzəştlərindən yararlanmağa şərait yaradacaq.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN