Azərbaycan regionda "yaşıl" enerji lokomotivi olaraq böyük potensiala malikdir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin missiya rəhbərinin müavini Edvard Evans Bakıda keçirilən "Azərbaycanda könüllü karbon bazarlarına giriş" seminarında deyib.
“Azərbaycan regionda "yaşıl" enerjinin lokomotivi olaraq böyük potensiala malikdir. Mən düşünürəm ki, karbon qiymətləndirilməsi bu məsələdə çox mühüm rol oynayır. Bu, həqiqətən də çox vacib mövzudur və Böyük Britaniya bu məsələdə liderdir və Azərbaycanın tərəfdaşıdır”, - o, vurğulayıb.
Edvard Evans qeyd edib ki, Böyük Britaniya yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə karbon bazarlarının böyük tərəfdarıdır. O, əlavə edib ki, Böyük Britaniya Azərbaycana bu bazarların tam potensialını həyata keçirməsinə kömək etmək üçün əməkdaşlıqdan məmnundur.
“2005-ci ildə biz öz karbon tullantılarının qiymətlərini tətbiq etməyə başladıq və o vaxtdan bəri tullantıları 40 faizdən çox azaltsaq da, iqtisadiyyatımız böyüməkdə davam edir. Buna görə də düşünürəm ki, Böyük Britaniya yalnız tullantıları azaltmağın deyil, həm də bunu iqtisadi artımı stimullaşdırmaq üçün bir yol kimi istifadə etməyin mümkün olduğunu sübut edib. Qlobal karbon bazarları inkişaf etməkdə olan ölkələr üçün zəruri maliyyələşməni cəlb etməyə kömək edir”, - o əlavə edib.