Tədbirdə hər iki ölkədən 150-ə yaxın iş adamı iştirak edib

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti “Dubay EXPO 2020” ümumdünya sərgisində olub. 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Azərbaycan İnvestisiya Forumu keçirilib. Tədbirdə hər iki ölkədən 150-ə yaxın iş adamı iştirak edib.

"TƏZADLAR" xəbər verir ki, Forumda çıxış edən iqtisadiyyat naziri Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, pandemiya dövründə iqtisadi sabitliyin, makroiqtisadi dayanıqlılığın və iş yerlərinin qorunması məqsədilə tətbiq edilən dəstək mexanizmləri barədə məlumat verib, Vətən müharibəsində qazanılmış böyük Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizin bərpasının ölkənin inkişaf prioritetləri üçün yeni çağırışlar və reallıqlar yaratdığını vurğulayıb. Qeyd olunub ki, Qarabağ bölgəsində aparılan bərpa-quruculuq işləri iş adamlarının bu ərazilərdə fəaliyyət göstərməyə marağını artırır. Nazir ölkəmizin iqtisadi inkişaf trendləri, investisiya siyasətinin prioritetləri, ölkəmizdə yaradılmış əlverişli investisiya və biznes mühiti, regional infrastruktur layihələri, Zəngəzur dəhlizinin imkanları, Ələt Azad İqtisadi Zonası barədə məlumat verib, BƏƏ iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

İnvestisiya Forumunda Dubay İnvestisiya İnkişafı Agentliyinin baş icraçı direktoru Fahad Al Gergavi Azərbaycanın qazandığı uğurlardan məmnunluğunu ifadə edib, bunun BƏƏ iş adamlarının xarici iqtisadi fəaliyyətini genişləndirməsinə səmərəli zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd olunub ki, İnvestisiya Forumu iki ölkə sahibkarları arasında qarşılıqlı investisiyaların təşviqində, yeni işgüzar əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayır.

Forumda energetika nazirinin müavini Kamal Abbasov, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycanın biznes və investisiya imkanları barədə çıxış ediblər. Tədbirdə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan investisiya layihələrinin təqdimatı keçirilib, investorları maraqlandıran suallar cavablandırılıb.

Forum çərçivəsində, həmçinin bir sıra görüşlər keçirilib. Su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Görüşdə Azərbaycanın zəngin bərpa olunan enerji resurslarına malik olduğu qeyd edilib, külək elektrik stansiyalarının tikintisi, suyun duzsuzlaşdırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi ilə görüşündə enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib. Görüşdə külək və günəş enerjisi, bərk məişət tullantılarının yandırılması, “yaşıl” hidrogen istehsalı və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN