ONLAR DAHA ÇOX ÖZ EVLƏRİNDƏ İÇKİ İÇMƏYİ SEVİRLƏR...

Rusiyada tünd spirtli içkilərin qeyri-qanuni dövriyyəsi ilə bağlı MTU-nin apardığı araşdırmaya görə, rusiyalılar 2021-ci ildə 1,5 milyard litrdən çox və ya 2,23 milyard şüşə tünd spirtli içki içiblər.

 “Rosstat və Alkoqol Bazarının Tənzimlənməsi üzrə Federal Xidmətin məlumatlarına əsaslanan MTU AİM-in (НИУ ВШЭ) hesablamalarına görə, 2021-ci ildə tünd spirtli içkilərin satışı 1,56 milyard litr (2,23 milyard ədəd) təşkil edib”, - sənəddə deyilir.

Araşdırmaya görə, rusiyalılar daha çox evdə içki içməyə üstünlük verirlər. Pərakəndə satış alkoqol üçün əsas kanal olaraq qalır ki, bu da satışın 98%-ni təşkil edir. İaşə seqmentində, məsələn restoran və kafelərdə ötən il cəmi 45-65 milyon litr spirtli içki satılıb.

Tədqiqatın müəllifləri, həmçinin müəyyən ediblər ki, son illər pərakəndə ticarətdə və ictimai iaşədə tünd spirtli içkilərin yekun satışı bu məhsulların qanuni tədarükündən xeyli yüksək olaraq qalıb.

Sənəddə qeyd edilir ki,  bu,  bazarda qeyri-qanuni dövriyyənin əhəmiyyətli sektorunun mövcudluğundan danışmağa imkan verir.

Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin (НИУ ВШЭ) məlumatına görə, 2021-ci ildə tünd alkoqollu məhsulların qanunsuz dövriyyəsinin həcmi ildə 611 milyon ədəd (27%) təşkil edir. Ümumilikdə, müəlliflərin fikrincə, ötən il Rusiyada 2 milyard şüşədən çox tünd spirtli içki satılıb.

Bununla əlaqədar olaraq, ekspertlər Rusiyada tünd alkoqolun məcburi etiketlənməsinin tətbiqinin məqsədəuyğunluğunu dəyərləndiriblər və belə qənaətə gəliblər ki, qeyri-qanuni dövriyyənin 70% azalması ilə bu tədbirdən vicdanlı bazar iştirakçılarının ümumi mənfəəti ildə 17-18 milyard rubl arta bilər.

Sənəddə vurğulanır ki,  əsasən alkoqolun aksiz vergisindən daxilolmaların artması (+64-69 milyard rubl) hesabına dövlət gəlirləri ildə 73-79 milyard rubl artacaq.

Qeyd edək ki, 146 milyon əhalisi olan Rusiyada  1 ildə 1,5 milyard litrdən çox tünd alkoqoldan istifadə o deməkdir ki, bu ölkədə ötən il adambaşına orta hesabla 10, 3 litr alkoqollu içki qəbul edilib.

Xatırladaq ki, 2021-ci ilin statistikasına görə,  Rusiyanın ən çox içki içən regionların reytinqində Çukotka Muxtar Dairəsi, Komi Respublikası və Saxalin vilayəti öndə gedib.

Bu barədə "Ayıq Rusiya" federal layihəsinin demoqrafik vəziyyəti ilə bağlı hesabatında qeyd edilib.

Ən az alkoqol Çeçenistan, İnquşetiya və Dağıstanda istehlak edilir.

Hesabata görə, regionların 2021-ci ilin ayıqlıq reytinqinə əsasən, sonuncu yeri Çukotka Muxtar Dairəsi, 84-cü yeri Komi Respublikası, 83-cü yeri isə Saxalin vilayəti tutub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN