Ukrayna prezidenti Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makron bu gün Kiyevdə görüşüblər.
Görüşdən sonra Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Fransa Ukraynaya 1,2 milyard avro makromaliyyə yardımı edəcək, bu, iqtisadiyyatın sabitləşməsinə kömək edəcək.
" Biz Fransanın bu həmrəylik addımını – Ukraynaya 1,2 milyard avroluq makromaliyyə yardımı ayırmasını həqiqətən yüksək qiymətləndiririk. Bu, həqiqətən də bizə iqtisadiyyatımızı sabitləşdirməyə kömək edəcək”, - deyə Zelenski Fransa prezidenti Emmanuel Makronla danışıqların yekunlarına dair brifinqdə bildirib.
Ukrayna prezidenti artıq ölkədə vəziyyətin yaxşılaşdığını, lakin edilən yardımın iqtisadi dayanıqlıq üçün güclü bir addım olduğunu da vurğulayıb.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Kiyevə getməzdən öncə, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Ötən gün Moskvada baş tutan bu görüş 5 saatdan çox davam edib.
Görüşdə ölkə başçıları “Rusiyanın təhlükəsizlik zəmanətləri və Ukrayna böhranını” müzakirə ediblər.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba mətbuata bildirib ki, Kiyev Makronun Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Moskvadan gətirdiyi mesajları maraqla gözləyir...
Y.MƏMMƏDLİ