15-50 mikron olan polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi və satış qiyməti barədə əvvəlcədən məlumat verilməlidir.
***
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ETSN-nin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxslərinin, eləcə də, “Ticarət şəbəkələrinin inkişafı” İBirliyi və birliyə daxil olan iri ticarət şəbəkələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Tədbirdə qalınlığı 15 mikrona qədər olan polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacaq (qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların) məhsullarının ticarət şəbəkələrində satılmasının qadağan olunması barədə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, belə məhsullar ətraf mühitə və insan sağlamlığına ziyan vurmaqla yanaşı, təkrar emala yararlı deyil. Görüşdə həmçinin qalınlığı 15-50 mikron olan polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi və satış qiyməti barədə əvvəlcədən məlumatın verilməsinin vacibliyi vurğulanıb.
Xatırladaq ki, 2021-ci ildən 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.
Sənəd Prezident İlham Əliyevin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.
Sənədə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.
Həmin torbalara alternativ olaraq həsir, kağız, parça materiallardan olan torbalardan istifadə etmək tövsiyə olunur.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimə ediləcək.
Y.MƏMMƏDLİ