Yaxud, doğrudanmı həbsxanalar islah yeri deyil?

 …Nə qədər ki, insan cəmiyyəti var, problemlər də olacaq, cinayət də. Azərbaycan Dövlət Statistika Komitəsindən «Təzadlar»ın informasiya sorğusuna verilən cavabdan məlum olur ki, əvvəllər də cinayət törətmiş və məhkum olunmuş şəxslər sonradan təkrarən cinayət törədir. Bu isə ciddi narahatlıq doğurur. Misal üçün, əvvəllər cinayət törətmiş şəxslərin sonradan törətdiyi cinayət hadisələrinin statistikasına baxaq: 2020-ci ildə əvvəllər məhkum olunmuşlar tərəfindən 4193 cinayət hadisəsi törədilibsə, onların da 18-i qəsdən adam öldürmə, 1405-i oğurluq, 253-ü dələduzluq, 96-ı soyğunçuluq, 26-ı quldurluq, 80-i xuliqanlıq, 1505-i narkotik maddələrlə bağlı cinayətlərdir.

 Bu acı statistik göstərici 2015-ci ildə 2726, 2016-cı ildə 3051, 2017-ci ildə 2972, 2018-ci ildə 3575, 2019-cu ildə 3458 olmuşdur.

 Göründüyü kimi, təkcə son 5 ildə keçmiş məhkumlar tərəfindən törədilən cinayət hadisələri getdikcə artmaqdadır. Bəs həbsxanalara niyə onda islah müəssisəsi kimi də baxılır?!  Baxın, əgər 2020-ci ildə məhkəmə hökmləri ilə 9946 məhkum həbsxanaya göndərilibsə, onların 4193-ü təkrar cinayət törədənlərdir. Bu isə o deməkdir ki,  məhkum olunanların 42,2 faizi təkrar cinayət törədənlərdir. Və ən pisi odur ki, bu statistika hər il artan rəqəmlərlə yenilənir…

***

 Bu günlərdə mediada “Azərbaycanda məhbuslar islah olunur?” sərlövhəli bir məqalə nəzərimizi cəlb etdi. Məqalənin sual olaraq qoyulan başlığı müəllif tərəfindən hüquq elmi yarandığı gündən bəşər cəmiyyətinin, bütün mövcud olub tarixin səhnəsindən getmiş, bu günə mövcud olan bütün dövlətlərin, o cümlədən Azərbaycanın əsaslı həlli tapılmayan ən ağrılı ictimai prosseslərindən biri olmaqla, sırf hüquqi məsələ kimi ortaya qoyulub. Lakin bu elə əsaslı bir problemdir ki, onun nəinki səmərəli həll edilməsi, hətta nəzəri olaraq çözülməsi belə, təkcə bir dövlətin deyil, bütün mövcud dövlətlərin qanunvericiliklərini birlikdə müqayisəli təhlil etməklə onun həllinin tapılması mümkün deyil.

 Niyə? Çünki cinayət törədən şəxsin islah edilməsi məsələnin, problemin nəticəsinin aradan qaldırılmasına aiddir. Məsələnin kökündə isə həm çox dərində, həm çoxşaxəli və çoxsahəli, fərdi, xüsusi, ümumi səbəblər durur.

hebs-qadin

 Müəllif məqaləsində psixoloq M.N.Qernet və A.E.Xalinskinin bu məsələ haqqında fikirlərindən sitatlar gətirsə də, ümumilikdə bu məsələ haqqında mətbuatda gedən yazılarda olduğu kimi, müxtəlif ölkələrdə məhbusların saxlanılmasına çəkilən xərcləri, onlara verillən cəzaları və cəza müddətlərini, cəzaların ağırlaşdırılıb-yüngülləşdirilməsi və s. problemlərin adi gözlə görünən nəticələrini sadalayaraq müqayisə etməklə hansısa qəbul edilə biləcək cavabı tapmağa çalışır. Və o, sonda ümidini Penitensiar Xidmətin rəhbərliyində baş verən dəyişikliyə bağlamağa məcbur olur. Bu isə mahiyyətdə kənddə pambıq tarlasında pambıq yığan 10 (on) yaşlı qızın evlərində təkbaşına Marsa bir saata çata biləcək nəhəng kosmik aparat düzəldəcəyinə ümid etməsinə bərabər bir xülyadır…

 Məhbusların həbsxanalarda islah olunmasının mümkünsüzlüyü…

 Düzdür Penitensiar Xidmətin yeni rəhbərliyi müəyyən işlər görür. Penitensiar Xidmətin binasının fasadını təmir etdirir… Yəni, bu ancaq onun səlahiyyət və imkanı daxilində olan işi görür. Müləllifin məqalədə qoyduğu məsələlər isə nəinki Penitensiar xidmətin, heç Ədliyyə Nazirliyinin də hüquq və səlahiyyəti çərçivəsində olan məsələ deyil.

 Bəs problemin kökü nədədir? Tanınmış politoloq Şapur Qasıminin bu barədə fikirləri olduqca maraqlıdır:

- Cinayət və cəza prosesi bəşər cəmiyyəti yarandığı andan gecə və gündüz arlıcıllığı ilə daim cəmiyyətdə baş verməkdə olan prosesdir. Bu proses ilkin dövrlərdə fərdi, qrup halında, əsasən güc və emosiyalar əsasında həll edilsə də, sonrakı qəbilə, tayfa idarəetməsi dövrlərində baş verən cinayətlər qəbilə, tayfa rəhbərlərinin iradə və düşüncəsinə uyğun qaydalarda tənzimlənmişdir. Quldarlıq quruluşu ilə barəbar, dövlət mexanizminin yaranması cəza sisteminin, yəni hər hansı bir cinayətə görə verilən cəzanın növünü, formasını, müddətini və s. müəyyən edən hüquq sisteminin və bu cəzanı icra edən mexanizmlər də dövlətin əlində cəmlənmiş oldu. Bununla yanaşı, dövlət mexanizminin də hər bir cəmiyyətdə cinayət hadisələrinin əsas istehsalçısına çevrilməsini qaçılmaz etdi. Belə ki, cəmiyyətin həyatının bütün iqtisadi-ictimai proseslərinin, o cümlədən hüquqi, inzibati və s. proseslərin  tənzimlənməsi dövlətin bu qanunları, qanunlar olmadıqda, dövləti idarə edənlərin şəxsi iradəsi əsasında qəbul etdiyi qərarların obyektivlikdən kənar, ədalətsiz olduğu qədər, gecə-gündüz, daim cinayət istehsal edən ən böyük mexanizmə çevirdi. Yəni, ingilis alimi Nyutonun fizika sahəsində kəşf etdiyi, – “Təsir əks təsirə bərabərdir” – qanunu ictimai proseslərin baş verməsində də qüvvədədir. Müxtəlif ölkələrdə baş verən cinayətlərin sayının və onların arasında təkrar və ağır cinayətlərin xüsusi çəkisinin sayları arasındakı nisbət, həmin ölkələrdə mövcud olan iqtisadi-ictimai quruluşlarda mövcud olan ədalətsizliklər arasında mövcud olan nisbətin bu sahədə təcəssümü olaraq onu güzgü kimi əks etdirir. Əgər bu rəsmi rəqəmlər saxtalaşdırılmasa biz daha böyük fərqin mövcudluğunu görə bilərik. Çünki hər bir dövlətin iqtisadi-ictimai quruluşundakı ədalətsizlik, həmin cəmiyyətdə baş verən cinayətlər ilə düz mütənasibdir. Müəllifin müqayisə etdiyi rəqəmlər müxtəlif ölkələrdə baş vermiş cinayətlərin şərti say nisbətini, cəza mexanizmlərində olan fərqi müəyyən qədər ifadə etsə də, onları yaradan səbəblərin məzmun və mahiyyətini aşkarlamadığından, bu səbəbləri əsaslı surətdə dəyişmədən, “qisas məhkəməsindən” “cərimə məhkəməsinə” keçid kimi ideyaların tətbiqi, cəmiyyətdə cinayətkralığın tuğyan etməsi ilə nəticələnər. Çox təəssüf ki, mediada cəmiyyətdə mövcud olan köklü problemləri məsələyə dərindən, mahiyyətinə bələd olmayıb, onu ancaq adi gözlə görünən tərəflərinə, yəni nəticələrinə əsasən, həm də naşılıqla, populistcəsinə cəmiyyətə izah etmək istəyənlər nəticədə nəinki, problemi yaradan əsil səbəbləri tapıb göstərə bilmirlər… Həm də, əksinə, ictimai fikri səhv istiqamətə yönəltməklə, problemin həllini daha da imkansız hala gətirmiş olurlar. Əslində, bu, son vaxtlarda bəzi millət vəkillərinin müxtəlif nazirlərə, məmurlara “özünüzü yığışdırın” qəbilindən olan “xoruzlanmaları” ilə eyni üsul olmaqla, problemin əsl səbəbinin ictimai nəzərdən yayındırılmasıdır.

-Bəs sizcə, məhbusların Azərbaycanda islahına gəldikdə bunun hansı şərtləri mövcuddur?

-Birincisi, ölkədə baş verən əsaslı, böyük miqyaslı iqtisadi, kriminal cinayətlərin 95 faizini durmadan dövlət piramidasının pillələrində oturan mütəşəkkil, rəsmi və qeyri- rəsmi cinayətkar dəstələrin törətdiyi və bu zaman cəzasız qaldıqları şəraitdə cinayətkarların islah olunmasından danışmaq belə axmaqlıq olardı. Cinayət törədərək həbs edilən məhbusların da az bir qismi dövlət piramidasının yüksək pillələrində oturub, irimiqyaslı, ağır cinayətlərin törədilməsinin təşkilatçıları olan şəxslərin göstərişlərini yerinə yetirənlərdir ki, onlar ağır cinayətlərin qarşılığında qısa bir zaman kəsimində “islah olunduğundan” dövlət başçısının sərəncamı ilə əvf olunaraq, müsadirə edilmiş milyonları elə məhkəmənin özü tərəfindən dolayısı ilə özlərinə qaytarılır… Əlbəttə ki, bu xaricdə tətbiq edilməsi təklif olunan “xeyirxah və maraqlı olmayan vasitəçi” olmasa da, onu Azərbaycanda əvəz edən, “Bir növ mediasiya kimi”dir. Bu gün Azərbaycanda mövcud olan məhbusların əsas hissəsini xırda oğurluq, dələduzluq, narkotika alveri edənlər, narkotika aludəçiləri təşkil edir. Xırda oğurluq, dələduzluq, narkotika alverçiliyi yüksək çinli məmurların daimi böyük oğurluq, dələduzluq, rəsmi və qeyri-rəsmi quldurluq fəaliyyətinin nəticəsi olaraq çıxılmaz vəziyyətdə qalan vətəndaşların mövcud olmaq uğrunda mübarizəsi prosesidir. Narkotika alverinin əsas himayədarları və təşkilatçılarının yuxarı dairələrdə oturan bəzi məmurlar olduğu da heç kəsə sirr deyil.

hebs-turme

 Yəni, bütün bu prossesləri nəhəng dövlət mexanizminin idarə etdiyi (üyütdüyü) halda, hansısa jurnalistin, vətəndaşın məqaləsinin (çaxçaxın) baş ağrıtması ilə düzələn məsələ də deyil. Xüsusilə o halda ki, məhbusların islah olunması məsələsi nə Penitensiar Xidmətin reallaşdıra biləcəyi, nə də onun funksiyasına aid olan məsələ deyil. Çünki məhbusların islah edilməsinin ilkin şərti- vətəndaşları daim cinayətə sövq edən, durmadan cinayət və cinayətkar istehsal edən bir mexanizmin özünün durdurulmalı olduğu vacibdir! Onun məzmun və mahiyyətini cinayətlərin baş verməsini imkansız edən, ən azından kiçik miqyaslı, təsadüfi cinayətlərin baş verə biləcəyi ehtimalı halına gətirilməsidir. Bu isə ölkədə bütün iqtisdai-ictimai prosseslərin məzmununu köklü surətdə dəyişə biləcək kompleks iqtisadi-ictimai islahatların hazırlanaraq həyata keçirilməsini zəruri edir…

 Bu da ilk növbədə ölkə Konstitusiyasından irəli gələn qanunlar toplusunun icra mexnizmlərinin işlək olmasından asılıdır. Hansı ki, bəzən mövcud olmayıb, şüar kimi dekorativ şəkildə yazılıb, icra mexanizmlərinin müəyyən edilməsi heç bir qanunvericilik hüququ olmayan icra məmurlarının ümidinə buraxılan, qanunların sərəncam, qərar, təlimat və s. vasitəsilə son nəticəsilə qanunların məmur iradəsinin köləsinə çevrilməsini imkansız etməyi tələb edir. Ancaq bu yolla vətəndaşların hüquqsuzluq, məmurların isə cəzasız cinayətlər törətməsinin qarşısını almaq mümkündür. Cəzasız cinayət törədilməsinə imkan olan şəraitdə isə hər hansı bir məhbusun islah olunması ehtimalı sıfıra bərabərdir. Cinayətkarlığın qarşısının alınması, o cümlədən cinayət törətmiş şəxsin islah edilməsinin ilkin ən zəruri şərtləri, cinayətə görə cəzanın labüdlüyü və verilən cəzanın cinayətlə müqayisədə tam adekvat olmasıdır…

Dinlədi: A.Məmmədli

(Davamı var)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN