Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və həmin idarənin zabiti Vüsal Əlizadənin Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası davam etdirilib.
TEZADLAR.AZ xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin cinayət işləri üzrə hazırlıq iclası baş tutub anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslər və onların vəkilləri cinayət işi üzrə materialların məhkəmə baxışına təqdim olunmasına etiraz etməyiblər.
Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirzəzadə müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlə çıxış edib.
O bildirib ki, iş üzrə generalın dövlət büdcəsinə vurduğu 18 milyon manat zərərdən 12 milyon manatı yaxınları və qohumları tərəfindən ödənilib:
"Bizim məqsədimiz zərərin tam olaraq ödənilməsi istiqamətində işlərin görülməsidir. Nizami Məmmədov barəsində ibtidai istintaq başa çatıb, onun şahidlərə, zərərçəkənə təsir etmək kimi bir fikri yoxdur. Azadlıqda olsa zərərin ödənilməsi təmin olunacaq".
Digər təqsirləndirilən şəxslərin vəkilləri də müvəkilləri barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi vəsatəti ilə çıxış ediblər.
Məhkəmə şurasının iclasından sonra vəkillərin vəsatəti əsassız sayılaraq təmin edilməyib. Növbəti məhkəmə iclası sentyabrın 22-nə təyin olunub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib, yüksək vəzifəli maliyyə xidmət rəisləri ilə yanaşı, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilib.