O, bu posta 31 avqust 2021-ci ildə təyin edilib...
Xəbər veridiyimiz kimi, Qazaxıstanda baş vermiş yanvar hadisələri ilə əlaqədar fevral ayınınn 22-də ölkənin keçmiş müdafiə naziri Murat Bektanov həbs edilib.
“2022-ci il fevralın 19-dan Baş Prokurorluq tərəfindən adıçəkilən şəxsə qarşı ibtidai istintaq aparılır, şübhəli şəxsin əməlləri Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 451-ci maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə tövsif edilir, - deyə Qazaxıstan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
Həmin maddəyə görə, döyüş şəraitində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - əmlakı müsadirə olunmaqla, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan ömürlük məhrum edilməklə 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, sabiq nazirin əməlləri barədə başqa açıqlama verilmir.
Qazaxıstanın Baş Prokurorluğu əlavə edib ki, istintaqın maraqlarına cavab verən digər məlumatlar açıqlana bilməz.
Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə Murat Bektanov 2022-ci il yanvarın 19-da Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib. O, bu vəzifəyə 31 avqust 2021-ci ildə təyin edilib və bu postda altı aydan da az qalıb.
Bu il fevralın 19-da Qazaxıstan Baş Prokurorluğunda Bektanova qarşı CM-nin 452-ci maddəsi ilə - xidmətdə hərəkətsizlik faktı üzrə ibtidai istintaqa başlanılıb.
O, fevralın 20-də bu cinayəti törətməkdə şübhəli bilinərək saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Həbsdən bir müddət əvvəl,yanvarın 19-da Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşdə dövlət başçısı Kasım-Jomart Tokayev Müdafiə Nazirliyinin keçmiş rəhbəri Murat Bektanovu sərt şəkildə tənqid edib.
“Ordu müstəqilliyimizin dayağı olmalı, dövlət mənafeyinin keşiyində durmalıdır. Yanvar hadisələri zamanı Silahlı Qüvvələr son dərəcə əmin və təşəbbüskar rəhbərliyin olmaması səbəbindən qarşılarına qoyulan vəzifələri layiqincə yerinə yetirə bilmədi. Nazir Bektanov komandanlıq keyfiyyətlərini nümayiş etdirməyib. Sərəncamında komanda-qərargah və hərbi təlimlərdə yaxşı nəticə göstərən ordusu olsa da, biz kritik vəziyyətdə onun potensialından istifadə edə bilmədik və kənardan kömək istəməyə məcbur olduq”, - deyə Tokayev bildirib.
Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin elə ilk günlərində başlayıb. Buna səbəb Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması olub.
Vəziyyətlə əlaqədar Prezident Qasım-Jomart Tokayev komissiya yaradılmasını əmr edib və yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Lakin etirazlar digər şəhərlərə də yayılır. Daha sonra etirazçılar yanvarın 4-ü axşam saatlarında Alma-Atada qaz və səs-küylü qumbaralardan istifadə edən təhlükəsizlik qüvvələri ilə toqquşub.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Təşkilatının sədri kimi bildirib ki, iştirakçı ölkələrin liderləri Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul ediblər. Və KTMT qüvvələri iğtişaşları yatırmaq üçün Qazaxıstana yeridilib.
Yanvarın 6-da Qazaxıstana yeridilən KTMT qüvvələri yanvarın 19-dək ölkə ərazisini tərk edib...
Qazaxıstanda yanvar hadisələrindən sonra işgəncə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 170 fakt üzrə cinayət işi başlanıb, həmçinin ölkədə baş vermiş iğtişaşlarla əlaqədar, ümumilikdə 3024 cinayət işi üzrə istintaq aparılır.
Y.MƏMMƏDLİ