“Müsəlman Birliyi" Hərəkatının lideri, həbsdə olan Taleh Bağırzadənin aclığını bir sıra digər məhkum edilmiş dindarlar da dəstəkləyiblər. Onlar polis idarəsində işgəncələrin tətbiqinə və polis əməkdaşlarının küfür etməsinə etiraz edirlər.
Polad Aslanovun xanımı bildirib ki, həyat yoldaşı iyunun 6-dan aclığa başlayıb və bu barədə 1 saylı koloniyanın rəhbərliyinə məlumat verib. Hərəkatın digər üzvü Cabbar Cabbarov da həmin müəssisədə aclıq elan edib. Hərəkatın digər fəalı Abbas Hüseynov Qobustan həbsxanasında aclığa başlayıb, onun yaxınları bildiriblər. Bağırzadənin özü beşinci gündür ki, aclıq edir. “Dünən Tale ilə telefonla danışdıq, beşinci gündür ki, aclıq edir. Ancaq su içir, deyir ki, səhhəti normaldır, lakin səsində gərginlik vardı. Koloniya administrasiyası israrla aksiyanın dayandırılmasını tələb edir, ancaq Tale bunu rədd edir. Aclıq etməsinə baxmayaraq, onu təcrid etməyiblər, adi kamerada qalır”, - xanımı bildirib. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. “Müsəlman Birliyi” Hərəkatının lideri, uzun müddət həbsdə olan Tale Bağırzadə iyunun 3-dən aclığa başlayıb. O, polisdə dindarlara işgəncə verilməsinə, hüquq-mühafizə orqanları əməkdaşlarının Allahı təhqir etməsinə etiraz edir. Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan iki dindar mayın 23-də keçirdiyi mətbuat konfransında təhlükəsizlik orqanları əməkdaşlarının işgəncə verdiklərini və Allaha küfür etdiklərini bildiriblər.
Sevinc MURADXANLI