Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev həbsdə aclığa başlayıb. Bu barədə Turan agentliyinə onun vəkili Cavad Cavadov bildirib.
Aksiyanın səbəbi ona qarşı yeni əsassız ittihamların irəli sürülməsidir, baxmayaraq ki, o, artıq azadlıqdan məhrum edilib. Belə ki, 7 iyun 2022-ci il tarixində Yasamal məhkəməsi ona qarşı irəli sürülmüş yeni təhqir ittihamı üzrə ekspertiza təyin edib.
Söhbət hakim partiyanın keçmiş üzvü Ramiz Göyüşovun iddiasından gedir. Sonuncu 2021-ci ilin sentyabrında Əli Əliyev “Bumeranq” TV-yə video müsahibəsində onu "dovşan", "frayer" və "masturbant"adlandırandan sonra məhkəmədə iddia qaldırıb. Buna 2021-ci ilin sentyabrında pornolara baxan Göyüşovun kadrlarının İnternetdə yayılması səbəb olub. Həmin kadrları yayan jurnalist həbs olunub, Göyüşov isə partiyadan çıxarılıb.
Göyüşov Əliyevin Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir)ilə cəzalandırılmasını tələb edir ki, bu da 6 aya qədər azadlıqdan məhrumetmə nəzərdə tutur. İndi linqvistik ekspertza "masturbant", "frayer" və "dovşan" sözlərinin təhqir olub-olmadığını müəyyən etməlidir. Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevdən şikayətini təmin edərək cəza müddətini daha bir ay uzadıb. Məhkəmə iddialarına səbəb Əli Əliyevin mətbuata verdiyi bəyanat olub ki, 30 noyabr 2021-ci il tarixində Dövlət Sərhəd Xidmətinin Mi-17 vertolyotunun qəzaya uğraması zamanı həmin zabitlər sağ qala bilməzdilər və vertolyot Rusiya tərəfindən vurulub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində qurumun 14 zabiti həlak olub, ikisi sağ qalıb. Əli Əliyev hər iki hökmü rədd edərək öz həbsini "ölkə rəhbərliyinin siyasi sifarişi"adlandırıb. -016-