MULTİKULTURALİZM: SİVİL BİRGƏYAŞAYIŞIN YƏ DİNİ-ETNİK TOLERANTLIĞIN MÜTƏRƏQQİ MODELİ
Milli inkişaf modeli ilə sivil dünyanın diqqət mərkəzində olan, qlobal iqtisadi təhdidləri inamla dəf edən müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmasını şərtləndirən mühüm amillərdən biri də respublikamızda yüksək multikultural mühitin olmasıdır. Səmavi dinlərə və sivil etnoslara münasibətdə daim liberallığı və tolerantlığı ilə seçilən müdrik xalqımız sivil birgəyaşayış normalarına hər zaman sadiqlik nümayiş etdirmiş, Şərq və Qərb arasında əlverişli geostrateji məkan üstünlüyündən səmərəli şəkildə bəhrələnərək sivilizasiyalararası dialoq prosesinə sanballı töhfələr vermişdir. Son illər multikulturalizm mövzusuna həsr olunmuş ən sanballı tədbirlərin məhz Bakıda keçirilməsi də Azərbaycanda qlobal səciyyə daşıyan humanitar müzakirələr üçün əlverişli platformanın formalaşdığının parlaq nümunəsidir.