Bu gün 21 iyul tarixində - Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilib.

Tezadlar.az Trend-ə istinadla bildirir ki, beynəlxalq media və ictimaiyyət nümayəndələri, xarici və yerli media ekspertlərinin iştirak etdiyi konfransın təşkil edilməsində məqsəd Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, müasir dövrdə media islahatları, əldə olunan ilkin nəticələr və təhlilə yönələn fikir mübadiləsinin aparılmasıdır. MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov açılış nitqində bildirib ki, Medianın İnkişafı Agentliyi ilk növbədə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir.

Konfrans "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin moderatoru olduğu panel sessiyanın müzakirəsi ilə davam edib.

Paneldə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, Ümummilli Liderin həyata keçirdiyi fundamental islahatlar nəticəsində müstəqil Azərbaycanın informasiya siyasətinin prioritetləri müəyyən edilmiş, senzura ləğv edilmiş, media üzərində dövlət nəzarəti aradan qaldırılmış, onun maddi- texniki bazası möhkəmləndirilmiş, yeni inkişaf perspektivləri açılmışdır. S.Yusifova cəmiyyətin həyatında medianın rolunun durmadan artdığını deyib, medianın fəaliyyətində hər zaman obyektivlik, modernləşmə, rasionallıq, kreativlik, sosial məsuliyyət prinsiplərinin, milli maraqların daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Əkinçi” qəzetindən başlayan milli mətbuatın tarixinə nəzər salıb, ötən dövrdə medianın, mətbuatın inkişafında müsbət dinamikaya toxunub.

Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov Audiovizual Şuranın fəaliyyətindən bəhs edib və bildirib ki, müxtəlif tənəzzül və tərəqqi dövrünü yaşayan Azərbaycan mediası cəmiyyətin güzgüsü rolunu oynayıb: “Milli Mətbuatın qollarından biri də audiovizual mediadır. Keçən illərdə dövlət radio və televiziya kanalları ilə yanaşı, özəl radio və televiziya kanalları yaranmağa başlayıb. Ulu öndərin ölkənin ağır vəziyyətində hakimiyyətə qayıdışından sonra medianın gücünü dərk edərək hər zaman Azərbaycan mediasının dostu və dəstəkçisi oldu, Azərbaycan mediasında senzuranı ləğv etdi. Dövlətin informasiya cəbhəsində dayağı azad mediadır. Bunu müasir dövrdə atılan addımlar da bir daha göstərir. Jurnalistlərin güzəştli ipotekadan yararlanması ilə bağlı Prezident İlham Əliyevin fərmanı bunun bariz nümunəsidir”.

Daha sonra Fazil Novruz 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediasının fəaliyyətindən bəhs edib, Vətən müharibəsindən sonra Kəlbəcərdə ermənilər tərəfindən basdırılan minaya düşərək həlak olan jurnalistlər – Məhərrəm İbrahimovu və Sirac Abışovu xatırlayıb. Konfrans çərçivəsində MEDİA-nın yenilənmiş veb-saytının təqdimatı olub. Agentliyin nümayəndəsi Ləman İsgəndərova bildirib ki, sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar nəzərə alınmaqla yenidən qurulub. Yenilənmiş veb-sayt informativ olmaqla yanaşı, istifadəçilər üçün daha əlçatan olub.

***

Xatırladırıq ki, Konfransın işində "Təzadlar"ın baş redaktoru Asif Mərzili də iştirak edirdi.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN