...22 iyul Azərbaycanda milli mətbuat günüdür. Bu münasibətlə ustad Qulu Məhərrəmli başda olmaqla, BDU-nun Jurnalistika fakultəsinin müəllim və tələbə heyətini, o cümlədən AJB-nin sədri Elçin Şıxlınski və bütün jurnalist dostlarımı indidən təbrik edirəm… Yəqin ki, bu günlərdə milli mətbuatımızın yaradıcısı Həsən Bəy Zərdabidən bəhs edən və eləcə də Azərbaycan mətbuatının inkişaf yolu haqqında çıxışlar çox olacaq. Maraqlı olar deyə, dünyanın ən qabaqcıl ölkəsi sayılan Amerika Birləşmiş Ştatlarının mətbuat tarixi haqqında qısa məlumat vermək istəyirəm. Öncə bir faktı qeyd edim ki, Amerikada jurnalistikanın tarixi XVII əsrdən başlayır…
İlk dəfə bu işə 1690-cı ildə Benjamin Harris adlı bir amerikalı başlasa da, ilk mükəmməl qəzet “The Boston News-Letter” adıyla 1704-cü ildə Bostonda, Jon Kempell tərəfindən buraxılıb. Bir müddət sonra ABŞ-ın bir sıra şəhərlərində də qəzetlər işıq üzü görməyə başlayıblar. Onların arasında ən yaxşı nümunə kimi, Ceyms Franklinin buraxdığı “The New England Courant” qəzetini göstərmək olar. Həmin qəzet 1721-1727-ci illərdə işıq üzü görüb və o dövrün ən yaxşı qəzetlərindən biri sayılırdı…
1750-ci ildə ABŞ-da artıq 14 adda həftəlik qəzet buraxılırdı. 1765-ci ildə qəzet kağızına qoyulan vergi qəzetlərin fəaliyyətinə mənfi təsir göstərsə də, bir müddət sonra qəzetlərin sayı artaraq 35-ə çatdı. Bu qəzetlərin ümumi tirajı hər həftə 40 mini keçirdi...
Ümumiyyətlə, ABŞ-ın ictimai-siyasi həyatında qəzetlərin böyük rolu olub. Vətəndaş müharibəsi dövründə qəzetlər hərbi toqquşmalardan yazır, onların təfərrüatını ictimaiyyətə çatdırmağa çalışırdılar. Dinclik dövründə isə tənqidi yazılarla hökumət strukturlarının işinə ictimai nəzarət edirdilər…
Bir müddət sonra Nyu York, Filadelfiya, Vaşinqton və Boston şəhərlərində daha böyük tirajla çıxan qəzetlər meydana gəldi. Və bu qəzetlərin böyük əksəriyyətinin heç bir siyasi asılılığı yox idi. 1835-ci ildə Ceymsom Qordon tərəfindən ərsəyə gətirilən “The New York Herald” qəzeti onların arasında ən məşhuru kimi, ictimaiyyət arasında böyük nüfuz qazandı. Daha sonra partiyaları təmsil edən qəzetlər də işıq üzü görməyə başladılar. 1841-ci ildən buraxılan “New York Tribune” qəzeti buna bariz nümunədir. Bu gün dünyada məşhur olan “New York Times” qəzeti isə 1851-ci ildən işıq üzü görür...
Bu nümunələrin sayını ardıcılıqla artırmaq da olar. Amma əsas məqsəd, “online” qəzetlərin çox olmasına baxmayaraq, ABŞ-da ənənəvi mətbuatın hələ də yaşamasını qeyd etməkdir. Bu gün nəinki müstəqil və ya siyasi partiyaların, hətta hər bir iri müəssisənin, təşkilatın, hətta ictimai qrumların da öz qəzetləri var.
Mətbuat azadlığına gəldikdə isə Amerikada jurnalistlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Burada jurnalistlərin əsas şüarlarından biri də: “Xəbərlər heç vaxt yatmırlar”-dır…
İnanıram ki, Azərbaycanda da jurnalistlərə nə vaxtsa mənzil, “əməkdar jurnalist” fəxri adı yox, tam müstəqillik veriləcək…
Bayramınız mübarək, cənab jurnalistlər!
Elman ELDAROĞLU
("Təzadlar"ın köşə yazarı)
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN