...Bir müddətdir jurnalistlər üçün məhz Prezident Sərəncamı və Dövlət Büdcəsinin konkret təyinatı - təsnifatı üzrə ayrılmış vəsait hesabına tikilmiş başıbəlalı 3- cü binanın əlillərə və şəhid ailələrinə, qazilərə veriləcəyi barədə müzakirələr gedirdi...

...İndi isə deyirlər ki, yox, bu bina jurnalistlərə verilməyəcək! Yəni, müzakirələr və narahatlıqlar, gözləntilər bitdi və s.

Hələki bu barədə rəsmi qərar yoxdur. Amma rəsmilər də susur. Susmaq razılıq əlamətidirsə, deməli, deyilənlər doğrudur. Yox, belə deyilsə, bu müzakirələrə son verməyə nə var ki! 

 Amma bir məsələ də var: əvvəlki iki binalardan mənzil alanların elə bilirsiz hamısı uzun müddətli səmərəli jurnalist fəaliyyətinə görə mükafatlandırılanlardır! Ən azı onların 70 faizi jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə mükafatlandırılanlar deyil. Mən bir müddət əvvəl Azərbaycandakı Əməkdar Jurnalistlərin nisbi siyahısını təqdim etmişdim. Mənə yazılan şərhlərdəkilərdən bəlli olurdu ki, onların böyük əksəriyyəti başqa xidmətlərinə görə bu ada layiq görülənlərdir. Mənzil almada da bu hal nəzərə alınmışdı. Çünki mənzillə mükafatlandırılanlar kosmosdan gəlməmişdi, böyür- başımızda jurnalist olanlar idi və keçmişinədək tanıyırıq. 
 İndi gəlin özümüzü tanıyaq: mənim subyektiv də olsa, reallığa söykənən təhlilim və real müşahidələrim deyir ki, bu gün ölkəmizin jurnalistlətini və jurnalistikasını belə qruplaşdıra bilərik: yaltaqlar, yarı yaltaqlar, qatı yaltaqlar, qatı müstəqillər, müstəqillər, yarı müstəqillər, nisbi müstəqillər, özünü müxalif və müstəqil göstərən ikiüzlülər! Bir də saman altından su yeridənlər. Bunları ələkdən keçirsək, görün real jurnalistikamızda neçə əsl jurnalist qalmış olacaq. Hansı ki, jurnalist müstəqil olmalıdır, tərəf olmamalıdır!

 Gözümün içinə diqqətlə baxın: Mənzil və ya mükafat, orden və ya medallar... almaq üçün hansı hoqqadan çıxmamışıq?! Müstəqil jurnalistikamızın müstəqillərinin sayı barmaqla sayıla bilər. Onlara isə sıramızda yer yoxdur! Tanıyırsız, amma tanımasanız yaxşıdır... Çünki tanımaq istəmirsiz! Onları tanımaq üçün ilk növbədə özünüzü tanımalısınız!

Jurnalistlər üçün ilk dəfə mənzil paylananda PA rəhbəri Ramiz Mehdiyevə rəsmi məktub yazdım ki, əgər mənə peşə fəaliyyətimə görə mənzil düşürsə, onu Məzahir Süleymanzadəyə, Hidayət Elvüsala və ya Rafiq Hacıyevə verin! Nə yaxşı ki, Hidayət Elvüsal hələ sağ- salamatdır, birinci və sonuncu hörmətsizliyə dözməyib nəinki bizi, jurnalistikamızı tərk edib o biri dünyaya getdilər.

Şəxsi intriqalaşmanı jurnalistikamıza gətirənlər indi müstəqil düşüncəsini sağ- salamat saxlamaq istəyənləri hədəfə alırsa, bu yolverilməzdir. 
Ola bilər kiminsə xətrinə dəysin, amma deməliyəm ki, vaxtilə hamımızın olan birliyini sonradan pozanlar indi peşəkar jurnalistikaya iddialıdır. Amma gecdir. Vaxtilə siyasi aforizmlərimdə yazırdım ki, "O, alim oldu, amma adam olmadı...". Eləcə də, "O, deputat olandan adamlıqdan çıxdı..." və sair.

Jurnalistikada Həsənbəyi özünə baba deyən, amma babansının nəsihətlərini şəxsi maraqlarına- "Əməkdar jurnalist"liyinə, hansısa orden və ya medala dəyişənlərə indi nə deyəsən!

XXX 

...Jurnalistlərin 3- cü binasının şəhid və qazi ailələrinə verilməsinə imza atmış "media kapitanları"nın siyahısına baxanda təsirləndim... Rəhmətlik Mirzə Ələkbər Sabirin "Mən tox olum..." satirasını yüz il əvvəl kimlərə yazdığını bildiniz də!

 Gəlirəm mətləbə: deyirdilər və deyirlər ki, 3- cü bina şəhid və qazi ailələrinə verilsin! Bəli, onlara mənzillər verilməlidir. Amma bəlkə belə yol seçilsin: o igid- şəhidlər və qazilər işğal altında olan rayonlarımızın azad edilməsində şəhid və ya qazi olublar. Düzdürmü! Allah canını sağ və özünü həmişə millətlər arasında başı uca etsin, qorusun, hifz etsin, Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş rayonlara tarixi qayıdış başlayıb. Vaxtilə həmin köçkün ailələr üçün tikilmiş binalardakı mənzillər boşaldılır. Görün nə qədər yerinə düşür ki, şəhid və ya qazi ailələrinə də məhz uğrunda döyüşdükləri, azad etdikləri rayonların Bakıda mənzili olmuş həmin köçkünlərin mənzillərini versinlər!!!

Bunun bir mənası da bu olacaq ki, onlar bu mənzillərdə yaşadıqca qürurla deyəcək və xatırlayacaqlar ki, onların qəhrəmanlığı sayəsində azad etdikləri rayonlara köçürülən ailələrin vaxtilə yaşadıqları mənzillərdə məskunlaşıblar! Nə gözəl xatirə, nə gözəl bir tarix!

 O ki qaldı gözü jurnalistlərin 3- cü binasında qalan jurnalistlərə, gözünüz həm də jurnalistikamızda olsun! Çünki olanları itirə- itirə gedirik... Biz təkcə jurnalistikamızın statuslarına- fəxri ad və orden- medallarına, mənzilləriinə deyil, peşəkar jurnalistikamıza iddialı olmalıyıq!
Nəhayət, olduğumuz kimi görünək, özü də təkcə həyatda yox, elə jurnalistikamızda da...

Asif MƏRZİLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN