...AYNA- nın, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakının əsas və ara küçələrini ucdantutma parkovlaması o deməkdir ki, paytaxt öz sürücü sakinlərinə icarəyə verilib...
AYNA- nın avtomobil saxlamaq üçün hər saata görə mərkəzi və kənar küçələrdə minimum 0,7 manatdan başlayaraq artan qiymətlərini nəzərə alsaq, bir çox yeraltı dayanacaqlarda isə bu qiymətin 2 və daha çox manatdan olması həm də jurnalistlər üçün ciddi bir problem yaratmaqdadır. Məsələn, neçə gün əvvəl "Alov qüllələri"ndə keçirilən bir tədbiri işıqlandırmaq üçün dəvət edilmişdim. Tədbir yekunlaşanda bu otel- mərkəzin kassasına 4 manat pul ödəməli oldum ( saatı 2 manatdır).
Dünən isə başqa bir dövlət qurumunun tədbirinə dəvət edilmişdim, tədbir təxminən 3 saat çəkdi. Bu dəfə 5 manat ödəməli oldum... Və sair...
Ortaya sual çıxır: jurnalistlər hər gün bir sıra dövlət və ya fərqli tədbirlərə dəvət olunurlar. Belə çıxır ki, jurnalist dövlət mənafeyinə xidmət edən tədbiri işıqlandırmaq üçün həm də Dövlətin AYNA- sına pul ödəməlidir? Hər gün 1-2, bəzən isə daha çox belə tədbirlərdə iştirak edən jurnalist orta hesabla ay ərzindı təkcə parkovkalara 150-200 manat pul ödəməlidir. Mən hələ Bakının cansığıcı və həlli mümkünsüz görünən ( hələki aidiyyəti qurumların çıxış yolunu təklif edən, iş görən fəaliyyətini görmürük) tıxaclarında yandırılan izafi yanacağı demirəm.
İctimai nəqliyyatın nə gündə olduğunu da nəzərə alsaq, jurnalistlərin bu və ya digər tədbirlərdə ən azı təmənnasız, izafi məsrəf çəkmədən səmərəli iştirakında suallar yaranır. Yanlış demirəmsə, Sovetlər dönəmində və 90-cı illərdə jurnalistlərin bu məzmunda ictimai nəqliyyatdan istifadəyə görə güzəştləri var idi.
Beləliklə, indi AYNA- nın necə gəldi paytaxt küçələrini parkovkalaması ona gətirib çıxarıb ki, jurnalistlər ya bəzi tədbirlərdən imtina etməlidir, ya da Medianın İnkişafı Agentliyi kompensasiya ödənilməsi barədə təkliflə çıxış etməlidir. Ən optimal yollardan biri isə jurnalistlərə parkovkalardan pulsuz istifadə etmək üçün birdəfəlik kartlar verilməsidir. Belə olmazsa, bir sıra tədbirlərdən imtina qaçılmaz olacaq. Məsələn, son 3 gündə şəxsən 5 belə tədbirdə iştirakdan imtina etməli olmuşam.
Düşünürəm ki, bu istiqamətdə optimal yol tapılmalıdır...
Asif Mərzili