Biz, əslində, antropologiya elmi haqqında nələri  bilirik və nələri bilməliyik?

…Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Kitabxanasında kiçik bir araşdırma apardım. «Təzadlar»a daxil olmuş oxucu sorğusu əsasında bilmək istəyirdim ki, bue lm sahəsi üzrə Azərbaycanda milli nəzəriyyə və ya konsepsiya varmı… Çox maraqlıdır, bu mövzuda olduqca az elmi ədəbiyyata rast gəldim, olanlar da əsasən xarici ədəbiyyata aid idi. Elə buradaca təsadüfən bir nəfərin əlində tutduğu kitabın üz qabığında Ramiz Mehdiyevin şəklini gördüm. Maraq mənə güc gəldi ki, görəsən, R.Mehdiyevin kitabı nədən ibarətdir? Məlum oldu ki, 2023-cü ilin nəşri olan kitab antropologiya elminə aiddir.

 Açığı Ramiz Mehdiyevin filosof, akademik olduğunu eşitmişdim. Amma bu sahədə də bilgiyə malik olduğunu və kitab yazdığını bilmirdim. Antropologiya yüz illər bundan əvvəl dünyasını dəyişmiş insanların üz quruluşuna, qaşlarına, gözlərinə, çənəsinə, burnuna, saçlarına, bədən quruluşuna görə hansı millətə məxsus olduğunu, adət-ənənəsini, kimliyini və s. öyrənən bir elm sahəsi olaraq mənim üçün həmişə maraqlı olub. Bir nümunə çəkim: 90-cı illərdən sonra ermənilərin Qarabağdakı işğalı baş vermişdi və qonşu Gürcüstanda səfərdə idim. Tbilisidə bir Azərbaycanlı ilə parkda söhbət edəndə iki nəfər qarşımızdakı skamyada əyləşdi. Mən həmin şəxsləri görən kimi dedim ki, onların biri ermənidir, digəri gürcü… Tanımışım soruşdu ki, mən bunları nədən bildim. Cavab verdim ki, ermənini peysərindən və sifət quruluşundan, gürcünü isə burnundan tanıdım… Həmsöhbətim dedi, afərin, doğru tapdın.

***

 Bu sahənin mütəxəssisi olmasam da, belə kitabları böyük həvəslə oxuyuram. Ona görə də R.Mehdiyevin rus dilində yazdığı «Smısl i naznaçenie Antropoloqiçeskoy nauki ili k voprosu o roli Antropoloqiçeskix dannıx v izuçenie etnoqenoza» kitabını oxumaq qərarına gəldim. Tərcüməsi isə belədir: “Antropologiya elminin mənası və əhəmiyyəti və ya Antropoloji məlumatların etnogenezin öyrənilməsində rolu haqqında”.

 Kitabı oxumaq üçün müxtəlif vaxtlarda bir neçə dəfə kitabxanaya gəlməli oldum. Oxuduqca da, özüm üçün xeyli maraqlı qeydlər götürdüm.

Əvvəla, kitabda R.Mehdiyevin bu sahədə nə qədər dərin bilgiyə malik olduğunu gördüm. Çünki belə bir elmi araşdırma kitabını yazmaq üçün gərək özündən əvvəlki bu sahənin alimlərinin yazılarından da məlumatlı olasan. Həmin kitabda R.Mehdiyevin bir çox alimlərdən sitat gətirməsi göstərirdi ki, bu barədə geniş bilgiyə malikdir.

Dəyərli oxucular elə düşünə bilər ki, burada Ramiz Mehdiyevi təbliğ etmək istəyirəm. Diqqətli oxucular yaxşı bilir ki, R.Mehdiyevin vəzifədə olduğu vaxtlarda, ən çox əziyyət çəkən “Təzadlar” qəzetinin kollektivi olub. Qəzetin baş redaktoru Asif Mərzili və mən hələ sovet dövründən, yəni 40 ildir jurnalistika sahəsi ilə məşğul olmağımıza baxmayaraq, R.Mehdiyevdən heç bir mükafat almamışıq. 40 ilin jurnalistləri olan bizlərə nə ev, nə də “Əməkdar jurnalist” adı verilib. Amma  Ramiz Mehdiyevin əlindən “Əməkdar jurnalist” adı, ev və digər mükafat alanlar bu gün onun həmin kitabını əlinə almağa belə qorxurlar. Daha fikirləşmirlər ki, R.Mehdiyev yazdığı bu kitab Azərbaycan elminə bir töhfədir. Azərbaycan elmi isə bir nəfərin şəxsi malı deyil. Ona görə də R.Mehdiyevin, çox az  diqqət göstərilən bir sahəyə- Antropologiyaya aid olan bu kitabı Azərbaycan elmi və bu yöndə araşdırma aparan alimlər üçün olduqca əhəmiyyətlidir. Bu gün R.Mehdiyevin heç bir vəzifəsi yoxdur ki, ondan hansısa gözləntimiz də olsun. Amma adamın başının üstündə Allah var, kitab Azərbaycan elmi və tarixi üçün çox dəyərlidir.

***

  Adı çəkilən kitabda Azərbaycanda, Türkiyədə, Avropada, Ermənistanda, Gürcüstanda, İranda və s. ölkələrdə Antropologiya elminə aid alimlərin araşdırması barədə xeyli məlumat əldə etdim. Onu da öyrəndim ki, Azərbaycan alimlərinin bu sahədəki araşdırmaları yetərincə deyil. Elə bu barədə R.Mehdiyev də kitabın 6-cı səhifəsində yazır: “Bir neçə elmi məqalələrin olmasına baxmayaraq, bizdə Azərabycan xalqının etnogenezi haqqında elmi metodlara əsaslanan konsepsiya yoxdur. Qafqaz xalqlarının Antropologiyasının öyrənilməsi son 100 ilə təsadüf edir. Onu da Rusiya araşdırmaçıları həyata keçiriblər. Geniş və əhatəli araşdırma Gürcüstanda və Ermənistanda aparıldığı halda, Azərbaycanda bu barədə heç bir iş görülməyib. Bunun da nəticəsində Azərbaycan üzrə etnogenetik məlumatları tam öyrənmək mümkün olmayıb”.

Burada R.Mehdiyev haqlı deyilmi? Axı biz niyə öz soy-kökümüzə və tariximizə bu qədər biganəyik? Biz öz qədim tariximizə sahib çıxmadıqca, düşmənlərimiz, xüsusilə tarixi saxtalaşdırmaqda ustalaşmış ermənilər ona sahib çıxacaqlar. Bu yerdə 1988-ci ildə, yəni Qarabağ hadisələri təzə başlayanda, bununla bağlı Azərbaycan ziyalılarının, alimlərinin iştirakı ilə Respublika Sarayında keçirilən böyük bir tədbir və burada dünya şöhrətli alim, rəhmətlik Xudu Məmmədovun dediyi sözlər yadıma düşdü. X.Məmmədov öz çıxışına belə başladı: “Hörmətli tədbir iştirakçıları, hamımız bilirik ki, dünyanın 7 möcüzəsi var. Amma mən deyirəm ki, dünyanın 8 möcüzəsi var. 8-ci möcüzə Azərbaycan tarixçilərinin Azərbaycan tarixinə biganəliyidir”.

 Doğrudan da, tariximizi, lap elə Antropologiya elmini (Bu elmin özü də tarixə söykənir-E. M.) dərindən araşdırmadığımız üçün, düşmənlərimiz mədəni dəyərlərimizi onları öz adlarına çıxır və min illərlə dövlətçilik ənənəsi olan Azərbaycanın qədim dövlət olduğunu qəbul etmək istəmirlər.

Kitabın 20-ci səhifəsində yazılır: “…Müsəlman Şərqində birinci Antropoloq olan türkiyəli alim Afət İnan “Türk xalqının antropoloji xarakteri və Türkiyə tarixi Anadolu türklük əlamətinin vətənidir” kitabında 64 min insan üzərində Antropoloji təcrübələrin aparıldığını qeyd edir. Bu kitab indiyə qədər açıq qalan bir çox suallara aydınlıq gətirib. Başqa bir türk taixçisi Alp Təkin 1970-ci ildə Nyu-Yorkda çap etdirdiyi “Türk tarixinin bərpası” məqaləsində milli tarixin həmin vaxtlarda öyrənilməsində yazının böyük maraq doğurduğundan yazırdı…”.

R.Mehdiyev burada Antropologiya sahəsində türk alimlərinin araşdırmasına da istinad eləməsi olduqca maraq doğurur.

 Müəllifin kitabın 21-ci səhifəsində türk xalqının qəhrəman oğlu Mustafa Kamal Atatürk haqqında da maraqlı qeydləri var: “Kamal Atatürk elmi üsullarla öyrəndi ki, əsrlərin arxasında gizlənmiş tarixi anlaşılmazlıq biliksizliyin nəticəsidir. Məhz Atatürkün göstərişi ilə ümumi mobilizasiya olundu ki, bunun da sayəsində Türk alimləri tarixi yenidən araşdırdılar və türk xalqı bundan sonra Atatürkün rəhbərliyi altında keçmişini öyrnərək, öz tarixlərinə sahib çıxdılar. Atatürkün başladığı bu ideyanı çox gözləmək lazım gəlmədi. Bir-birinin ardınca qədim türklərin Antropoloji, etnogenetik biliyi və türk xalqlarının özünü dərk etməsində böyük rol oynaması hqqında elmi işlər ortaya çıxmağa başladı”.

Kitabın 25-ci səhifəsində isə müəllif, maraqlıdır ki, Antropologiyanı, eyni zamanda fəlsəfəyə bağlayaraq yazır: “Antropologiyanın fəlsəfəsi sırf Qərb fəlsəfi təfəkkürüdür, hansı ki, XIX əsr Alman filosofu Maks Selez tərəfindən əsaslandırılıb”.

 35-ci səhifədə isə bu fikrin davamı olaraq oxuyuruq: “…Bu gün dünyada filosoflar az, intellektuallar isə çoxdur. İstənilən intellektual- idmançı kimidir. Sözsüz, ağıllıdır, amma təfəkkürlü varlıq deyil. Bu ağıllı varlıq olan intellektual dünyaya müraciət edir – ona görə yox ki, dünya ilə məşğul olsun, ona görə ki, özü ilə məşğul olmasın. Fransız filosofu (1754-1836)  Destyurt de Trasidən sonra heç bir ideoloq az da olsa, insanı çaş-baş salan fikirləri aşmaqla məşğul olmurdu”.

Müəllif 156-cı səhifədə haqlı olaraq yazır ki, “…insan gözünün, tükünün, dərisinin rəngi, bədənin tük örtüyü, sinədə tükü və qaşın uzunluğu da Antropologiyada mühüm rol oynayır”.

 R.Mehdiyev Ermənistan alimlərinin hər yerdə olduğu kimi, bu sahədə də etdikləri saxtakarlıqları konkret faktlarla ortaya qoyur. Bu barədə kitabın 163-cü səhifəsində yazılıb: “İki elmi baxış toqquşdu. Biri B.Bunak, biri də Q.Debes. Mübahisə ondan ibarət idi ki, Ermənistanın qədim əhalisi göygöz və sarışın saçlı olubmu? Bir qədər sonra müəllif yazır ki, Morvir kəndindəki qəbirlərdən olan materiallara müraciət edib. O da maraqlıdır ki, müəllif bu qəbirlərin Şorgöl ərazisinə daxil olan Sevan gölünün sahillərində yerləşməsini yazır. Elə yerin toponimu göstərir ki, bu qəbirlərin erməni alimlərinin iddia etdiyi kimi, Ermənistana qətiyyən dəxli yoxdur”.

 Kitabın son hissəsində isə müəllif Azərbaycan tarixçilərinə də haqlı iradını bildirərək 327 və 328-ci səhifədə yazır: “Azərbaycan xalqının etnogenezinin öyrənilməsində necə obyektiv araşdırma ola bilər ki, Antropologiya elminə əsaslanmırlar. Bir qrup talrixçilər Azərbaycan etnogenezini iran dilli, bir qrupu türk dilli, bir qrupu da alban tayfalarına calayırlar. Bu zaman heç kim Antropologiya və genetikaya müraciət etmək istəmir ki, bu araşdırmalar da xarici alimlər tərəfindən tənqidə məruz qalır”.

 Müəllif kitabın 336 və 337-ci səhifələrində Azərbaycan xalqının öz tarixinə biganəliyi və mədəniyyəti haqqında yazır: “Azərbaycan xalqının mədəniyyəti müxtəlif vaxtlarda Şərqi Qafqazdan gəlmiş qədim türk xalqları ilə eynidir. Bakının Çəmbərəkənd qəbiristanlığını məhv edib, yerində Kirov parkının salınması, Antropologiyanı öyrənməkdə çətinlik yaradıb. Hətta bu qəbirlərdəki materialları belə arxeoloji qazıntılar üçün saxlamayıblar”.

 Göründüyü kimi, Antropologiya elminə aid bu kitab olduqca maraqlı və diqqətçəkəndir. İnanıram ki, kitab həm Antropologiya sahəsi ilə məşğul olan alimlər, bu elmi öyrənən tələbələr və vətəninin tarixi ilə maraqlanan istənilən oxucu üçün sanballı vəsait olacaq... Çünki söhbət ciddi bir elm sahəsindən gedir... 

Elçin MƏMMƏDLİ

       

 

     

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN