Azərbaycan Yazıçılar Birliyi (AYB) daha bir ilkə imza atır... Şuşada növbəti qurultayı oktyabrda keçiriləcək.
Qurultayın Şuşada keçirilməsi təklifi ilə AYB sədri Anar çıxış edib. Belə ki, Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edən sədr Prezident İlham Əliyevlə söhbətdə qurultayın oktyabr ayında Şuşada keçirilməsini istədiklərini bildirib. Prezident İlham Əliyev təklifi razılıqla qarşılayıb. Anar qurultayda xaricdən də qonaqların iştirak edəcəyini deyib. “Yaxşı olar. Yer də var burada keçirmək üçün”, - deyə Prezident qeyd edib. Anar dövlət başçısına minnətdarlığını bildirib.
AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü keçirilib. Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi.
Bəli, qurultay keçiriləcək. Amma yazıçılarımız bu 28 illik Şuşa ayrılığına niyə bir sanballı əsər-senari ortaya qoya bilməyiblər? Uydurma senariləri yaman gözəl yazırlar, amma özümüzün Qarabağ faciəmiz izsiz qaldı...
A.Məmmədli