6 sentyabrda baş vermiş mühüm hadisələr:

e.ə 3761 - Yəhudi təqviminin ilk günü
1812 - Borodino döyüşü baş vermişdir.

1852 - İngiltərədə ilk pulsuz kitabxana açılmışdır.
1938 - Almaniyada Yəhova şahidləri SS-in təklif etdiyi ideyaları rədd etmişdir.
1952 - Cenevrədə müəllif hüquqları haqqında beynəlxalq Konvensiya imzalanmışdır.
1986 - Ankarada sinaqoqda terror aktı: 21 nəfər həlak olmuşdur.
1987 - İlk dəfə  Siam əkizləri Baltimorda cərrahi üsulla ayrılmışdır.
1991 - Leninqradın tarixi adı Sankt-Peterburq bərpa olunmuşdur.
1994 - Azərbaycan Respublikası Qəmər adaları ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1963— Azərbaycanın Milli Qəhrəmanı  Eldar Abdulla oğlu  Tağızadə Bakı şəhərində anadan olmuşdur.

 1970-1980-cı illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyində əməliyyat müvəkklili vəzifəsində çalışırdı.

Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Eldarın sayəsində neçə-neçə I vətəndaşımız  girovluqdan azad edilmişdi. 1991-ci ildə ona kapitan rütbəsi də verilmişdi. Onu DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edirlər. 3 iyun 1992-ci il Tağızadə yenidən Qarabağa göndərildi.

Döyüş zamanı "Şaka" ləqəbli təhlükəli qatili zərərsizləşdirmək lazım idi. O, polis işçilərinə atəş açaraq gizlənmişdi, Eldar onun gizləndiyi binaya daxil olur, polis kapitanının silahsız olduğunu görən azğın erməni cəlladı qəfil olaraq Eldarın sinəsinə atəş açmış,  cəsur polis qəhrəmancasına həlak  olmuşddur.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı fərmanı ilə Eldar Abdulla oğlu Tağızadə ölümündən sonra  Azərbaycanın Milli Qəhrəman  fəxri  adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Təhsil aldığı 164 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır.

***

 Vəfat etmişdir:

  Sultan Süleyman Qanuni-(1495-1566) 

 

1566 - Sultan Süleyman Qanuni 71 yaşında Macarıstanda vəfat etmişdir. 

 I Süleyman 27 Aprel 1495-də Trabzon şəhərində anadan olub. Atası I Sultan Səlim idi. Yeddi yaşında elm, tarix, ədəbiyyat, din və hərbi taktikaları öyrənmək üçün Topqapı Sarayındakı Əndəruna göndərildi. Dini təlimdən başqa Qaraqızoğlu Hayrüddin Əfəndidən tarix, ədəbiyyatla yanaşı dəqiq elmləri də öyrənirdi. Zərgərlik peşəsinə yiyələnmişdi.

 Şebinqarahisar və Bolu Sancaqbəyi təyin edilməsini arzulayırdı. Lakin Amasiya Sancaqbəyi olan əmisi Şahzadə Əhməd bu niyyətindən razı qalmadı. Nəticədə 1509-ci ildə Krımdakı Kefe Qubernatorluğuna təyin edildi. 1512-ci ildə atası I Səlimin taxta çıxması ilə Manisaya qubernator göndərildi. 1520-ci ildə atasınını vəfatından sonra İstanbula gələrək sentyabrın 30-da taxta çıxdı .
Atasının şərəfinə Sultan Səlim Məscidini tikdirdi. Xələflərin ənənəsinə sadiq qalaraq silahdarlara və kimsəsizlərə bəxşiş verdi. Süleyman əliaçıq olduğu qədər cəza verməkdən də geri qalmirdi. Lakin bu cəzalar ədalətə söykənirdi. Kapitan Dərya Cəfər Bəy və bir neçə silahdara xalqa zülmünüə görə edam hökmü verməsi "Qanuni" adlandırmasında əhəmiyyətli rol oynadı.

Onun hakimiyyəti dövründə Osmanlı hər cəhətdən inkişaf etdi. Qüdrətli dövlət xadimi, mahir sərkərdə, həm də istedadlı şair kimi yaddaşlarda qaldı. I Süleyman divanında 2779 qəzəl toplanıb ki, bu, sayca eyni janra müraciət edənləri xeyli üstələyib. Belə desək, şair Divan ədəbiyyatının qəzəl rekordçusudur.

Fatehlik yolu 1521-ci ildə Belgradın alınması ilə başlayıb Rodos, Mohaç, Bağdad və Təbriz, Boğdan və Preveze, Macarıstan, Esterqon, Trablusqarp, Səfəvi torpaqlarının bir qismi, və nəhayət Zigetvarın alınması ilə başa çatdı. Atası I Səlimin hakimiyyəti altında olan ərazini Avropa, Asiya və Afrikada fəth etdiyi ölkələrin hesabına 2,5 dəfə artırib.

 46 illik padşahlığı 
Daha dəqiq desək 45 il 3 ay 7 gün padşahlıq etdi. Səltənətinin 2745 gününü (7,5 il) at belində səfərlərdə keçirdi. 13 böyük səfərində at üstündə təxminən 43 000 kilometrə yaxın məsafə qət etdi. 

 ***

 Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərzadə)  1884-1941

1941- Görkəmli ədəbiyyatşünas  alim Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərzadə)  57 yaşında qətlə yetirilmişdir.

Salman Mümtaz 1884-cü ildə Şəkidə anadan olub. İki yaşında anası Zəhra xanımla Aşqabada köçür. Azərbaycanda Xalq Cümhuriyyəti qurulana kimi burada yaşayır.

Salman Mümtaz kiçik yaşlarından evin dolanışıq yükünün altına girdi. Qardaşıyla birgə dayılarına ticarət işlərində kömək etdi. Getdiyi yeganə məktəb mollaxana oldu. Orda da cəmi üç ay oxudu. Ərəb, fars, urdu dillərini təkbaşına, rus dilini isə dükanlarına gələn zabit arvadlarıyla söhbətlərindən öyrəndi. Türk dillərinə böyük marağı vardı. Özbək, qırğız, türkmən dillərini bilirdi. Ədəbiyyat sirli bir aləm kimi onu özünə çağıranda Salman hələ çox gənc i di. "Molla Nəsrəddin" jurnalında "Xortdanbəy", "Sərçəqulubəy" və başqa imzalarla müxtəlif şeirləri, məqalələri çap olundu. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Bakıya köçür.1918-ci ildə Mümtaz əfəndi Ənvər Paşa və Nuru Paşanın Azərbaycana gəlişlərinə şeir həsr edir. Azərbaycan SSR dövründə "Azərnəşr"də işləyir. Klassik şairlər barədə əsərlər yazır. 1937-ci ilin 19 iyununda Salman Mümtazı "burjua-millətçi, pantürkist" kimi əvvəlcə tutduğu vəzifələrdən azad edib ev dustağına çevirdilər. Sonra o, SSRI Elmlər Akademiyasının Azərbaycan Filialının Tarix, Dil, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi vəzifəsindən kənarlaşdırıldı. İşdən çıxarılmasına baxmayaraq, nadir əlyazmaları, kitabları toplayıb araşdırırdı. Uzun illər yorulmaq bilmədən çalışdı. Əldə etdiyi əlyazmaları "Kitabxaneyi-Mümtaziyyə"sini bəzəyirdi. Salman Mümtaz yenə vaxtının əsas hissəsini orada keçirirdi.

Repressiya illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Ona görə təkcə 1937-ci ildə Azərbaycanda 29 min "xalq düşməni" güllələndi. 1937-1938-ci illərdə Azərbaycanın minlərlə ziyalısı, o cumlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları xarici dövlətlərə cəsusluqda və "pantürkizm"də günahlandırılaraq repressiya olundu. Eləcə də, Salman Mümtaz 1937-ci ilin 8 oktyabrında axşam saat 11-də yaşadığı Buynakski - 25 (indiki Şeyx Şamil küçəsi) siyasi dustaq kimi həbs olundu.1941-ci ilin 21 dekabrında siyasi dustaqlar barədə SSRİ-nin paytaxtında ölüm hökmü verilmişdi. Əmrin icrasına təcili başlanıldı.

Salman Mümtaz qətlə yetirildi.

Ələsgərov Salman Mümtaza 1956-cı il noyabrın 16-da SSRI Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verildi. Salman Mümtazın işinə aid ittihamnamə ləğv edildi.

13 sentyabr 1996-cı ildə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Salman Mümtazın adı verilməsi ilə bağlı qərar qəbul edilmişdir.

***

 Məcid Behbudalı oğlu Behbudov (1873-1945)

1945 - Azərbaycan xanəndəsi  Məcid Behbudalı oğlu Behbudov vəfat etmişdir.

Məcid Behbudov 1873–cü ildə Şuşada doğulmuşdur. Hələ uşaq yaşlarından onun gözəl səsi eşidənləri heyran qoyurdu. Müğənni olmağı arzu edən M. Behbudov gənc yaşlarından xanəndəliyə başlamışdır. Ailəsi ilə Tiflisə köşdükdən sonra o, burada uzun müddət yaşadı. Azərbaycan milli vokal məktəbinin körkəmli nümayəndələrindən olan M. Behbudov xalq musiqisinin populyarlaşdırılmasında əhəmiyyətli rol oynamışdır.

1914-cü ildə M. Behbudovun səsi Riqadakı "Qrammofon" şirkətində vala yazılmışdır. "Mirzə Hüseyn "segahı,  "Şüştər” və "Cahargah”  muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M. Behbudov həmçinin, musiqili tamaşalarda da çıxış etmişdir. Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir. Məcid Behbudov həm də opera səhnəsində çıxış edirdi. O, Azərbaycan bəstəkarlarının yazdıqları, demək olar ki, bütün opera və operettalarda iştirak etmişdir. Üzeyir Hacıbəyovun əsərlərində onun oynadığı rollar, xüsusilə, yaddaqalandır.

Məcid Behbudovun övladları da ata ilə gələn bu ailə ənənəsini davam etdirmişlər. Müğənninin oğlu, SSRİ Xalq artisti Rəşid Behbudov da bənzərsiz səsə malik idi. İkinci oğlu Ənvər Behbudov Rusiyanın Xalq artisti, qızı Nəcibə Behbudova isə Azərbaycanın Əməkdar artistidir.

Firuzə Vəkilovanın həyat yoldaşıdır.

Rəşid Behbudov, Ənvər Behbudov və Nəcibə Behbudovanın atasıdır.

 ***

 Rafiq  Hüseyn  oğlu Nəsrəddinov (1961-1992)

 

1992 — Azərbaycanın Milli Qəhrəmanı Azərbaycanın Milli Qəhrəmanı Rafiq  Hüseyn  oğlu Nəsrəddinov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdurş.

Rafiq   Nəsrəddinov  18 mart  1961-ci il Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlmişdir. 1968-1978-ci illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil almışdır. 1979-cu ildə hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurur və Bakı Dövlət Universitetinə daxil olur. 1987-ci ildə buranı müvəffəqiyyətlə bitirir. 1992-ci ildə Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır.

Rafiq  döyüşlərdə erməni quldurlarını dəfələrlə ağır itkilərə məruz qoymuşdu. O,  tank bölüyünün rəisi idi. Rafiqin son döyüşü Ağdərənin Qızılqaya kəndində oldu. 6 sentyabr 1992-ci il baş vermiş bu döyüşdə son nəfəsinəcən vuruşan Rafiq qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası  Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Rafiq Hüseyn oğlu Nəsrəddinov  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı  fəxri adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər  Xiyabanında dəfn edilib.

Oxuduğu 39 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

***

Lütfəli Rəhim oğlu Ələsgərzadə (Lütfi Zadə)- 1921-2017

 

2017  — Məşhur azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professor  Lütfəli Rəhim oğlu Ələsgərzadə vəfat etmişdir.

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır.

Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya texnologiyaları problemləri” və "İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktorudur Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.

Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alaraq onu Bakıya gətirib və kibrit satışını təşkil etməklə özünə yaxşı güzəran düzəldib. İşgüzar fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Bakıda gələcək həyat yoldaşı Fanya ilə tanış olub və valideynlərinin razılığı ilə onunla ailə qurub.

Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki, o illərdə SSRİ-də kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.

Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkib. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da 97 yaşında dünyasını dəyişmişdir. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etmişdir. Bir sıra səbəblərdən alimin nəşinin doğma vətəninə gətirilməsi yubanmışdır. Nəhayət, 28 sentyabrda cənazə San-Fransiskodan Bakıya yola salınmış və 29 sentyabr saat 03 radələrində Bakıya çatdırılmışdır. Həmin gün alimlə AMEA-da vida mərasimi keçirildi. Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak etdi. Lütfi Zadənin yaxın qohumu, xalq artisti Cənnət Səlimova nümayəndə qismində çıxış etdi. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırıldı.

Bayramlar və xüsusi günlər:

1991 - Çeçenistan Müstəqillik Gününü bayram  edir.


Rusiya Federasiyası sərhədləri içində, Şimali Qafqazda yerləşən İçkeriya respublikası adıyla da tanınır.

Respublikanın ərazisi 15.3 min kvadrat kilometrdir. Çeçenistanın paytaxtı Qroznıdır, şimal-qərbində Stavropol, şərqdə və cənubda Dağıstan ilə Gürcüstan, qərbdə İnquşetiya yerləşir.

***

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN