Əfqanıstanın sabiq prezidenti Əşrəf Qaninin təhlükəsizlik rəisi Piraz Ata Şərifi bəyan edib ki, onun əlində prezident sarayındakı videonəzarət kameralarının videogüntüləri var,
hansı ki, Qaninin yüz milyonlarla dollarla ölkədən qaçdığını təsdiqləyir. Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
O, bildirib ki, həmin videogörüntülərdən də aydın olur ki, Əfqanıstan Mərkəzi Bankından bir adam Qani ölkədən getməzdən öncə ona külli miqdarda pul gətirir. Şərifi həmin pulun yüz milyonlarla, bəlkə də milyardlarla dollar olduğunu söyləyib...
Keçmiş təhlükəsizlik rəisi əldə etdiyi bu sübutları, yalnız "təhlükəsiz yerdə" olduğu zaman paylaşacağına söz verib. Şərifinin Əfqanıstandan təxliyyə edilə bilmədiyi və hələ də “Taliban” yaraqlılarından gizləndiyi qeyd olunur.
Şərifinin olduğu yeri xəbər verən şəxsə bir milyon əfqan (təxminən 11 min dollar) mükafat veriləcəyi barədə də məlumat yayılıb.
Xatırladaq ki, avqustun 15-də taliblər Kabili ələ keçirdikdən sonra Prezident Əşrəf Qani ölkədən qaçıb.
Avqustun 16-da “Taliban”ın siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim Əfqanıstanda müharibənin başa çatdığını bildirib. Daha sonra isə Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb. Əfqanıstanda "Taliban"ın müvəqqəti rəhbərliyinə isə, adı 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Molla Məhəmməd Həsən Axundun rəhbərlik edəcəyi açıqlanıb.
Qeyd edək ki, Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid də KİV-ə müsahibəsində bildirib ki, Əşrəf Qani dövlət vəsaitlərini oğurlayıb və həmin pulların geri qaytarılmasını tələb edirlər.
Məlumatlara görə, Qani ölkəsini tərk edərkən bir helikopter dolu pul ilə gedib. Sabiq prezident isə deyilənləri təkzib edir...
JASMİN