Bu gün Birləşmiş Millətlər Təşkilatı Günüdür. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib, Nizamnamə qəbul edilib. Təşkilata “Birləşmiş Millətlər” adı ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar tarixli deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən 24 oktyabr tarixi BMT Günü kimi qeyd edilir. Azərbaycan isə BMT-yə 1992-ci il, martın 2-dən etibarən qoşulub.
Hal-hazırda 193 ölkə bu təşkilatın üzvüdür. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyil. BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İkinci dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.
Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan
Son beş il ərzində Azərbaycan 2030 Gündəliyinə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti, BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalayıb. Eyni zamanda Azərbaycan, DİM-ləri milli səviyyədə sürətləndirmək üçün atıla biləcək konkret siyasət və proqramlaşdırma addımlarını əks etdirən MAPS (2030 Gündəliyi naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdən biri olub və ölkə təcrübəsini 2018-ci ildə keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda təqdim edib. Digər məsələlərlə bərabər regional forum DİM-lərin inteqrasiyası və onların icrasını sürətləndirmək məqsədilə fəaliyyətləri müəyyən edən Bakı Prinsiplərinin qəbul edilməsi ilə yekunlaşdırıb. BMT-nin dəstəyi ilə interaktiv tablo, məlumatları vahid şəkildə toplayan, DİM-lərə doğru inkişafı real vaxt rejimində izləyən DİM-lər üzrə Milli Məlumat Portalı istifadəyə verilib. BMT, heç kimin kənarda qalmamasına diqqət ayırmaqla keyfiyyətli statistika toplamaq üçün ölkənin statistika məlumatları sahəsində potensialını gücləndirmək üçün davamlı dəstək göstərməkdədir. BMT həmçinin DİM-ləri təşviq etmək istiqamətinə özəl sektor, media, parlament üzvləri və ictimaiyyət də daxil olmaqla müxtəlif qrupların cəlb edilməsi üçün xüsusi səylər göstərməkdədir.
Şakir QURBANOV