30 il əvvəlki Ağdamda tikilən yeni Ağdam, qədəmin və qürurun mübarək!

...Həftəmizin ilk günündə Azərbaycan Prezidentinin Ağdam şəhəri üzrə Xüsusi Nümayəndəliyinin təşkilatçılığı və "Gələcəyə baxış-Avropaya inteqrasiya" İctimai Birliyinin (sədri Bəsti Nəsibova) dəstəyi və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (rəhbəri Qarabağ qazisi, müharibə veteranı Rey Kərimoğlu) dəstəyi ilə bir qrup tanınmış ziyalı-yaradıcıların Ağdama səfəri baş tutdu... Səfər proqramına Ağdamda gedən quruculuq işləri ilə tanışlıq, Ağdam Sənaye Parkında görülən işlərə baxış, eləsə də Ağdamın tarixi ərazilərini ziyarət etmək, sonda isə yazıçı-jurnalist İlqar Rəsulun «Sara» romanının Şahbulaq Qalasında baş tutacaq təqdimatı daxil idi…

Ağdamda tikilən və yenidən qurulan Ağdam…

 Ağdam ziyarətində artıq dördünsü dəfə idi iştirak edirdim. Hər dəfə də yeni bir nisgil, xatirəmdə yaşayan 30 il əvvəlki Ağdamı görürdüm. Bir də 30 ildən sonrakı- ermənilər tərəfindən dağılmış, viran edilmiş Ağdamı… Biz Ağdamda ermənizmin qoyub getdiyi vandalizmlə bir daha yaxından tanış olduq... Ən vacibi, bu dəfə mənfur ermənilərin Ağdamda 30 il ərzində törətdiyi dağıntılardan daha çox Ağdamın yenidən qurulması ilə tanış olurduq, bu qürurverici idi... Prezidentin Ağdam şəhəri üzrə Xüsusi Nümayəndəsi hörmətli Emin Hüseynov bizi elə Ağdamın mərkəzində qarşıladı. Özünün dediyi kimi, bütün gün ərzində bizimlə birgə olacağından, bizə Ağdamda görülmüş və görüləcək işlər barədə ətraflı məlumat verəcəyindən olduqca şad olduğunu bildirdi… Təbii ki, hər bir məmur ölkə rəhbərinin ona etdiyi etibar və etimadı doğurltmaq üçün əlindən gələni etməyə borcludur. Amma Emin Hüseynovun Ağdamın tarixi, relyefi, həm insan kapitalı, həm də iqtisadi potensialı barədə ürəkdən gələn istəklə bilgili danışması məni bir daha sevindirdi, qürurlandırdı. Bəlkə də bu söyləyəcəyim fikir yerinə düşmür, amma ürəyimdən gələndir deyə, deməyi özümə borc bilirəm. Emin Hüseynov Ağdamda doğulmayıb, bilmirəm, bəlkə də Ağdamın 30 il əvvəlki yaşam tərzini də canlı olaraq görməyib. Amma onun Ağdama olan bağlılığını, Ağdam insanlarının elmdə, mədəniyyət, sənət, iqtisadiyyat və sair sahələrdə tutduğu mövqeyini qürur hissi ilə dilə gətirməsini görəndə istər-istəməz dedim: «Emin müəllim, mən çox şadam ki, Ağdamda hazırda Sizin kimi ağdamlını görürəm. Siz burda ən böyük Ağdamlısınız…».

Məlumat üçün deyim ki, Emin Hüseynovun hazırda yaşam, yəni sadə dildə desəm, yatıb-durma yeri də Ağdamın düz mərkəzində müvəqqəti qurulmuş qərargahdadır... Çünki indi Ağdamda böyük quruculuq işlərinə başlanılıb. Məsələn, Emin müəllim elə görüş təəssüratlarını bizimlə bölüşəndə də bildirdi ki, hazırda əsas vəzifə ərazilərin həm minalardan, həm də erməni vandalizminin qalıqları olan zibilliklərdən, tör-töküntülərdən təmizləmək, yeni tikintilərin təməlini qoymaqdan ibarətdir…

Ağdam Sənaye Parkında görünən Ağdam…

…Emin Hüseynovla əvvəlcə İmarəti-Pənah Xanın və İbrahim Xanın, onların nəslinin nümayəndəsi olanların dəfn olunduğu İmarət qəbiristanlığında olub onların məzarlarını ziyarət etdik.

Məlumatsız oxucular üçün bildirim ki, İmarət (Qərvənd) qəbristanlığı Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleksindən ibarətdir. XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulmuşdur. Ağdam rayonu və həmçinin Ağdam şəhəri işğaldan azad olunandan sonra, məlum olmuşdur ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılmışdır, qəbiri isə təhqir olunmuşdur, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılmışdır. Bu haqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmişdir. Məqbərə-kompleksində isə dəfn olunanlar bunlardır:

-Pənahəli xan- 1763

-İbrahimxəlil xan- 1806

-Mehdiqulu xan Cavanşir- 1845

-Mehrəli ağa

-Talıbxan bəy

-Cəfərqulu xan Nəva 1867

-Gövhər ağa 1888

-Xurşidbanu Natəvan 1897

-Xanbikə xanım 1921

-Mehdiqulu xan Vəfa (Usmiyev) - azərbaycanlı hərbiçi, çar ordusunun podpolkovniki.

-Mirabbas

-Qəmər bəyim

-Əmanulla xan Naxçıvanski - Xan qızının kürəkəni

-Qəzənfər ağa Cavanşir -

-Kərim xan Cavanşir - podpolkovnik

***

 …Beləliklə, Emin Hüseynovun ermənilərin İmarətdə törətdiklərini ürək yanğısı və ürək ağrısı  ilə ziyarətçilərə danışması, tarixə istinadlarla bəhs etməsi onun əsl vətənpərvərliyini, sözün "Qarabağ Azərbaycandır!" mənasında, əsl Qarabağlı-Ağdamlı olduğunu təsdiqləyirdi…  Biz sonra Ağdam Məscidini, Şəhidlər Xiyabanını… ziyarət edərək Ağdam Sənaye Parkına baş çəkdik. Burada qısa zaman içində görülən işlər möhtəşəm idi. Xüsusən də Ağdamın mərkəzində tikiləcək yaşayış binalarının təməlinə baxdıq. Dərinliyi təxminən 8-10 metr olan bünövrə-təmələ hərə üstündə olan Azərbaycan milli pulu- qəpiklərini atdı… Mənim üstümdə qəpik olmadığından, Ağdamın tikiləcək bünövrəsində istifadə üçün Qarqar çayından gətirilmiş çay daşlarının mərmər sərtliyindən fərqlənməyən kiçik parçasını götürüb «Əziz dostlar, üstümdə dəmir pul yoxdur, amma Qarqarın bu çay daşı zənnimcə, atdığımız dəmir pullardan daha böyük dəyərə və mahiyyətə malikdir… Atıram, bünövrəsi möhkəm, əbədi dayanaqlı olsun!», -deyib alqış sədaları altında onu bünövrəyə atdım. Təşəbbüs məndən gəldi, üstündə dəmir pulu olmayanların hamısı bu ənənəni davam etdirdi...

... Qısası, Ağdam erməni dağıntılarından təmizlənir, tikilir, qurulur... Min şükür! İnanıram ki, bu gedişlə ən qısa vaxtda Ağdamlılar döğma şəhərində yenidən yaşamaq imkanında olacaq. Ağdamın mərkəzi hissəsində vaxtilə şəhərin məşhur təhsil ocağı olmuş Ağdam 1 saylı Tam Orta Məktəbin təməli qoyulmuşdur, hazırda bünövrəsi betonlanır. Həmçinin qəbul olunmuş layihə üzrə şəhərin mərkəzində yaşayış binalarının təməli qoyulmaqdadır. Bundan əlavə, Ağdamda indiyədək elektrik enerjisinin bərpası problemi olmuşdur. Emin Hüseynov bu barədə qısa məlumat verərək bildirdi ki, «Yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə minalalanmış sahələr çoxdur deyə, «Azərenerji» mütəxəssisləri bu mənada çətinliklər yaşamışlar, amma artıq neçə gündür ki, Ağdam elektriklə tam təmin olunub. İkinci yarımstansiya da tezliklə istifadəyə veriləcək… Bir sıra tikinti texnikası, xüsusən də qaldırıcı kranlar var ki, onların fəaliyyəti üçün elektrik enerjisi çox vacibdir, artıq bu problem də həllini tapıb…».

Ağdam əsl sahibkarları -iş adamlarını gözləyir…

Prezidentin Ağdam şəhəri üzrə Xüsusi Nümayəndəsi Emin Hüseynovla söhbətimiz daha çox Ağdamın infrastrukturlarının qurulması üçün dövlət və özəl şirkətlərin, iş adamlarının bu mühüm, genişmiqyaslı işlərə cəlb edilməsi məsələsi barədə oldu. E.Hüseynov «Təzadlar» üçün sahibkarları sevindirəcək açıqlama verdi:

- Cənab Prezidentin bütün diqqət və qayğısı bilirsiniz ki, işğaldan azad edilmiş ərazilərdə daha tez məskunlaşmanın həyata keçirilməsindən ibarətdir… Yerlərdə bu vəzifə Xüsusi Nümayəndələrin üzərinə düşür. Şəxsən mən Ağdamda özümü heç vaxt belə qürurlu, rahat, işgüzar hiss etməmişəm. Çünki cənab Prezidentin mənə olan etibarı və etimadı bunu diqtə edib, mənə əlavə güc verib. Təbii ki, görüləsi işlər çoxdur, miqyasını bilirsiniz. Ağdam, o cümlədən kənd və qəsəbələrin hamısı yenidən tikilməlidir. Təsəvvür edin, bir var hazır boş sahədə hansısa tikintini həyata keçirirsən, bir də var dağıdılmış ərazini təmizləyib yenidən üzərində yeni tikintiyə başlayırsan. Minalanmış ərazilər problemi də bir yandan… Bütün bunlara baxmaayraq, biz gecə-gündüz cənab Prezidentin qarşıya qoyduğu, Azərbaycan dövlətinin hədəflədiyi vəzifələri daha tez həyata keçirməliyik. Təbii biz təkcə dövlətin gücündən və imkanından deyil, həm də sahibkarların, iş adamlarının imkanlarından faydalanmağı qarşıya məqsəd kimi qoymuşuq. Təbii ki, elə sahələr var, mürəkkəb texnoloji işlər görülməlidir, dövlət şirkətləri, eləcə də xarici şirkətlər bu işi görür. Qalan işlərin görülməsi isə iş adamlarımızın-investorların üzərinə düşür. Meydan açıqdır, heç bir şərt və tələb yoxdur. Sadəcə, Ağdamda iş görmək istəyən iş adamının xoş niyyəti və bacarığı, təcrübəsi lazımdır. Bəyan etmişik ki, gəlin, layihənizi-proqramınızı verin, baxaq, dəyərləndirək. Gəlin iş yeri açın, pulunuzu qazanın, dövlətimizə dəstək verin…

-Emin müəllim, vaxtilə Ağdamda mövcud olmuş bəzi müəssisələrdə çalışanlar olub. Onların indi fəaliyyət mənsubiyyəti necə həllini tapacaq?

-Bizə vaxtilə Ağdamdakı daş karxanası, eləcə də Şahbulaq Qalasındakı iaşə obyekti və digər obyektlərlə bağlı müraciətlər olub, açıq deyim, bəziləri hətta özəlləşdirmə niyyətini də söyləyir. Lakin ölkə rəhbərliyinin də tapşırığı belədir ki, heç bir obyekt özəlləşdirilə bilməz. Amma kim istəyir, seçim edilərək onun idarəçiliyini öhdəsinə götürə bilər. Əsas budur ki, bu və ya digər obyektlərdə yeni iş yerləri açılsın, dövlətin büdcəsinə vəsait daxil olsun. Təbii ki, hər bir sahibkarın yatırdığı vəsaitin müqabilində pul qazanmaq arzusu və istəyi var, bunun da qarşısını kimsə kəsə bilməz, olsun…

…Emin Hüseynov söhbət əsnasında həm də Ağdamın şəhər olaraq mərkəzinin tikintisinə aydınlıq gətirdi. Məlum olurdu ki, bütün tikintilər təsdiqlənmiş layihə əsasında həyata keçiriləcək. Daha bir yenilikisə bundan ibarətdir ki, vaxtilə Ağdama inzibati ərazi baxımından bitişik olmuş Muradbəyli, Ətyeməzli, Seyidli və digər qəsəbə,  kəndlər yeni tikiləcək Ağdam şəhər kompleksinə daxil ediləcək…

Ağdamda həyətyanı sahəsi olmuş sakinlərə şad xəbər…

Bundan başqa, o da bəlli oldu ki, hazırda ilkin layihə olaraq vaxtilə Ağdam şəhərinin mərkəzində evi və həyətyanı bağ sahəsi olmuş sakinləri də sevindirəcək işlər görüləcək. Məsələn, nəzərdə tutulub ki, Ağdam şəhərinin mərkəzi hissəsi ətrafında çoxmərtəbəli (6-7 mərtəbəli) müasir Azərbaycan arxitekturasına istinadlı evlər ucaldılacaq. Həmin evlərdən kənarda isə təxminən hər birinə müvafiq ərazili həyətyanı torpaq sahəsi olmaqla, 1700 həyət evləri tikilməsi təklif edilib. Lakin sonradan ikinci bir layihə də təqdim edilib. Məsələn, Ağdam şəhərinin əvvəlkindən iki dəfə böyük ərazidə tikiləcəyi nəzərdə tutulduğundan, indi həm də nəzərdə alınıb ki, həyətyanı sahə 6-9 sotdan olmaqla, təxminən 3400-4000 həyət evləri salınsın. Bu həyət evləri isə şəhərin mərkəzi hissəsinə paralel olaraq tikiləcək… Beləliklə, vaxtilə Ağdam şəhərində evi olan sakinlərə arzusuna uyğun iki təklif olacaq: mərkəzdə bina evi, kənarda isə həyət evi!

***

Onu da deyim ki, Ağdam Sənaye Parkında bərpa olunan enerji mənbələrindən istifadə ediləcək. Məsələn, bunu İqtisadiyyat Nazirliyinin Ərazilərinin Bərpası və İnkişafı şöbəsinin müdir müavini Vüsal Qarayev Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə də səsləndirib. Bizim də olduğumuz Parkda bir sıra zonalar yaradılmaqdadır, canlı şahidi olduq. Bura sənaye, texniki, logistika və ticarət, tikinti materiallarının satışı, sosial, qida sənayesinin logistika zonası və s. kimi zonalar daxildir. Ağdamın potensial investorları üçün azad edilmiş ərazilərdə bir sıra investisiya layihələri mövcuddur. Bunu da Prezidentin Xüsusi Nümayəndəsi Emin Hüseynov xüsusi olaraq vurğuladı: «Buyurub gəlsinlər, gözümüz üstə yerləri var… Təki iş görməyə, görülən işlərə dəstək verməyə gəlsinlər. Və inanıram ki, belə də olacaq, biz də əlimizdən gələn köməyi edəcəyik…».

Ağdamlılar tezliklə şəhərə rahat səyahət edə biləcəklər…

 Emin Hüseynovla söhbət zamanı daha bir sevindirici xəbəri də öyrəndik. Məlum oldu ki, tezliklə Ağdam sakinləri öz doğma şəhərinə rahat, xüsusi nəzarətdən keçmədən, sərbəst olaraq ziyarətə gələ biləcəklər: «…Biz istəyirik ki, Ağdamlılar doğma şəhərində aparılan quruculuq-tikinti işləri ilə canlı təmasda olsunlar, hər şeyi yerində görsünlər», -deyən Prezidentin Xüsusi Nümayəndəsi Emin Hüseynov həm də Ağdamın Fəxri Xiyabanı olmuş Qarağacı Qəbiristanlığının taleyinə aydınlıq gətirdi. Məlum oldu ki, bu məsələ ən yüksək səviyyələrdə müzakirə edilməkdədir. Məlumdur ki, erməni vəhşiləri Ağdam işğal ediləndən sonra bu məzarlığı qızıl diş axtarışı marağı ilə yerlə yeksan edib, mərmər başdaşı isə Ermənistana daşınıb, məzarlığın yerində taxıl əkilib… İndi bir təklif var ki, Qarağacı qəbiristanlığında (bu təklif mənə və polkovnik Elbrus Rüstəmova məxsusdur, neçə ay əvvəl «Təzadlar»da bu barədə yazılıb) mavzoley  tikilsin, orada vaxtilə dəfn edilmiş Ağdamlıların adları sıralansın ki, gələcək , xarici qonaqlar buradakı erməni vəhşiliyinin əhatəsini bilsinlər. İkincisi, təklif var ki, bura Ağdamın gələcəkdə qəbiristanlığı kimi saxlanılsın, bundan sonra dünyasını dəyişənlər burada dəfn edilsinlər… Bir məsələ də diqqətdədir ki, şərait yaradılsın, bundan sonra dünyasını dəyişənlər öz doğma yurd-qəbiristanlıq yerlərində dəfn olunsunlar. Çünki Ağdama qayıdışdan sonra təkrar dəfn əziyyəti yaşanmasın…

 

İlqar Rəsulun «Sara»sı Şahbulaq Qalasında…

 Səfərimizin sonuncu marşurutu Şahbulaq Qalası oldu. Burada tanınmış jurnalist-yazıçı İlqar Rəsulun «Sara» romanının təqdimatı keçirildi. Roman 90-cı illərin Qarabağında ermənilərə əsir düşmüş iki gəncin acı və məşəqqətli, həm də qürurverici taleyindən bəhs edilir. Təqdimat mərasimində Prezidentin Xüsusi Nümayəndəsi Emin Hüseynli çıxış etdi, indiki məqamda Ağdamda baş tutan bu təqdimatı yüksək qiymətləndirdi.: «Bu təqdimat Ağdamda ilkdir, inanıram ki, davamı olacaq… Qarabağın 90-cı illərdən bəri yaşanmış tarixi müharibə dəhşətləri, barıt qoxulu tarixi yazılmalı, dünyaya çatdırılmalıdır. Bu roman erməni vəhşiliyinin təkrarsız ifadəsidir…».

Təqdimat mərasimində Azərbaycanın dəyərli ziyalıları, yazıçı və mədəniyyət işçiləri, jurnalistlər iştirak edirdilər. Dəyərli qələm dostumuz İlqar Rəsul bununla da ilkə imza atdı, Şahbulaq Qalasında onun "Sara" romanı Qarabağ qazisi, dəyərli qələmdaşımız Rey Kərimoğlunun təqdimatında, tanınmış tele-aprarıcı, yazıçı İlqar Əlfioğlunun və digərlərinin təsvirində və tərifində daha maraqlı təəssürat yaratmış oldu…

***

…Bəli, 30 il əvvəlki Ağdamda indi yeni bir Ağdam tikilir… Ağdam öz sakinlərini tezliklə qəbul etməyə hazırlaşır. Siz hazırsınızmı, əziz, doğma və 30 illik Ağdam həsrətı sinəsini qabar etmiş, başını ağartmış, qəlbini kövrəltmiş… Ağdamlılar???

Asif MƏRZİLİ

(Bakı-Ağdam-Bakı) 

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst.6.3.7.

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN