...İnsan ömrü qəribədir. Yaşadıqca yaşayırsan, işləyirsən, öz həyatını, ətrafındakıların həyatını, dünyanı gözəlləşdirməyə çalışırsan. Adam daim qəribə bir illüziyada olur, elə bilir ki, hansı işlərinisə görüb bitirsə, rahatlaşacaq, hüzur tapacaq. Amma, elə olmur, həlli vacib işlərə ard-arda gəlir, çünki, əslində insana ömür onu yaşamaq üçün verilib, yaşamaq isə, daim işləmək, arzuları, xəyalları gerçəkləşdirmək, kimlərisə yaşatmaq üçündür...
Amma, ömrün taleyükü yaşları da var ki, onlar həyatın mərhələlərini yekunlaşdırır. 20, 30, 40, 50... Və gəlib çatırsan, 60-a...
Mənim 60 yaşım olanda, gözəl şairimiz Ramiz Rövşən dost məclisində çox işıqlı, uzaqgörən sözlər demişdi ünvanıma. Demişdi ki, 60 yaş ömrün qəribə həddidir, altmış yaşdan sonra, insanın günləri elə bil, daha bərəkətli, daha məzmunlu, daha bəhrəli olur. Yaş artdıqca ömrü illərlə, aylarla yox, günlərlə, saatlarla ölçürsən. Odur ki, ay İlqar, altmışdan sonraya, ömrün azı yox, çoxu qalır, yaşa, özün görəcəksən...
Onda dostumun sözlərinə elə inamamışdım, amma bir-iki aya artıq 67 yaşım olacaq. Və hərdən son illər elədiklərimi xatırlayanda, nə gizlədim, ürəyim dağa dönür, qürrələnirəm, görürəm ki, Ramizin o vaxt mənə məclisdə söylədikləri adi təsəlli deyilmiş, müdrik bir insanın dilinə gətirdiyi həyat həqiqəti imiş və həqiqət dilləndirib onu...
Bu gün eloğlularımızdan xeylisinin altmış yaşı tamam olur və mənim sözlərim təbii ki, onların hamısına aiddir. Amma, yubileyini bu gün dar çevrədə xatırlayan bir eloğlumuzu ümumi siyahıdan ayırmaq keçir könlümdən, çünki, hər birimizin xoş günü onunku, onun xoş günü isə, hamımızınkıdır. Bu gün, bizim prezidentimizin, İlham Əliyevin 60 yaşı tamam olur və xoş halına ki, bu yubileyi ərəfəsində ömrünün, mübaliğəsiz deyirəm, ən vacib işini görə bilib - Qarabağımızı xalqının istəyi və cəsarəti, özünün müdrikliyi ilə azad edib, daha bir işini isə, yenicə başlayıb – biz indi ellikcə gələcəyimizi şəkilləndirəcək, nəsillərimizin həyatını gözəlləşdirəcək, dünyaya kimliyimizi göstərəcək bir iş də görürük – Qarabağımızı yenidən qurur, Cənnət adını özünə qayratıtır. O Qarabağımızı ki, bu otuz ildə bir nəfər kimi, qarabağlı olmuş bütün xalqımızın gözü ondadır, zira, əsl dirçəlişimizin təməli orada qoyulur...
Bu gözəl gündə arzularım çoxdur, lap çox. Amma, istərdim ki, qəribə bir Zaman maşını ola, öz qanadlarında bizi onca il sonraya apara, hər şeyi öz gözümüzlə görək. Görək ki, bu gün bizə əziyyət verən çətinliklərimiz də, tam dikəlməyimizə mane olan problemlərimiz də, ordan baxanda çox cılız görünür. Bunu görək və əmin olub, nəfəsimizi rahat dərək.
Mən ora gedən müqəddəs yolu da, o gözəl mənzərəni də indidən görürəm. Və istərdim biləsən ki, bir zamanlar varlığından xəbərsiz olduğumuz həmin yolda Xalq sənin arxandadır, qardaş. Əmin ol ki, bu uzun ömür yolunun hər dönəmində bizim isti nəfəsimizi, sarsılmaz inamımızı mütləq hiss edəcək, bir az da ürəklənəcək və mənzil başına yetənə kimi, qəti yolulmayacaqsan.
Xoş halına min dəfə ki, Allah bu gözəl ömrü yaşamağı sənə də, bizlərə də, qismət edib!
Sənə, əvvəlcə ailə səhhəti və səadəti, sonra isə, xalq sevgisi arzulayıram, əzizim, çünki, tək Prezident üçün yox, elə hamı üçün öz ailəsi həm də, xalqıdır!
Var olasan, qaim-qədim olasan, ad günün mübarək, Qardaş!
Azərbaycan bizimdir!
İlqar Əlfioğlu
Bakı şəhəri, 23 dekabr, 2021
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN