Rayonun sosial-iqtisadi inkişafı üçün görülən işlərin ölçü vahidi hələki yoxdur…

…Azərbaycan bölkədə təkcə hərbi-siyasi rellıq yaratmayıb, həm də iqtisadi-sosial reallıqların müəllifidir. Ərazisi 30 ildən çox olan zaman kəsiyində Ermənistanın işğalı altında qalmasına, 1 milyondan çox qaçqın və məcburi köçkün probleminə təkbaşına sinə gərməsinə baxmayaraq, Azərbaycan yeganə ölkədir ki, 44 günlük Zəfərlə başa çatmış müharibədə də təkbaşına oldu. Təbii ki, Türkiyənin, Pakistan və İsrailin mənəvi dəstəyi daxilində…
***
Bu gün Azərbaycan həm də Ermənistanın 30 illik işğalı ilə darmadağın edilmiş şəhər və qəsəbələri, kəndləri… təkbaşına qurmaqda, yaratmaqdadır. «Böyük Qayıdış»ın bariz nümunəsini indi işğaldan azad edilmiş bütün ərazilərimizdə görmək mümkündür…

Ağdam ağ günlərinin bir addımlığında: 1 il əvvəl-mayın 28-də Prezidentin ağ damlı Ağdamda görüşü…
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanının siyasi-sosial mənasını artıq dünya görür, bilir. Bu Fərman veriləndə Ermənistanın işğalçı qüvvələri hələ də eyforiyada idi. Kimsə bilmirdi ki, 8-9 aydan sonra Qarabağda mənfur düşmənin izi-tozu belə qalmacaq, Azərbaycan ordusu üçrəngli bayrağımızı Şuşada və digər işğal altında qalan rayonların mərkəzində dalğalandıracaq… Və ölkə rəhbərliyinin gələcəyə hesablanmış bu Fərmanı artıq tezliklə o yurdlarımıza qayıdışın sorağını verən tarixi sənəd idi.
Fərmanda nəzərdə tutulurdu ki, regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına və s. təkan verməkdə idi. Amma…

…Təkrar edirəm, aradan qısa bir vaxt keçir. 2019-cu ildə Bakıda Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafından, Qarabağın işğal altında olan rayonlarının gələcəyindən nikbinliklə danışan Prezident İlham Əliyev bir neçə ay sonra-2021-ci ilin mayın 28-də Ağdamda Ağdamın gələcəyindən danışır. Sitat: «…Bu gün Respublika gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq…».


Və Ağdam bir ildir yenidən qurulur…
Prezident İlham Əliyev Ağdamın bölgə üçün strateji əhəmiyyətinin mahiyyətini yüksək qiymətləndirərək əlavə edir: «…Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam. Bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir…».
Bəli, hələ işğal dövründə belə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdi. Ağdamda Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, digər infrastruktur layihələri icra edilmişdi… Əminliklə deyə bilərəm ki, hazırda rayonun bütün ərazisi tamamilə qazlaşdırılıb. Kənd təsərrüfatının inkişafı üçün 200-dək artezian quyusu qazılıb… Kəndarası yollar asfaltlanıb, iri ticarət mərkəzləri tikilib… Artıq indi insanlar işğaldan azad olunmuş Ağdama qayıdışa köklənib. Bunun üçün Ağdamda neçə aydır sənaye parkı tikilməkdədir. Ağdamın mərkəzində yeni çoxmərtəbəli binaların təməli qoyulub, Qarqar çayı sahilində yeni qəsəbələrin salınmasına başlanılıb, körpülər tikilir... Həmçinin yerli xammalların istehsalı üçün tikinti şirkətlərinə şərait yaradılıb, iş adamları, sahibkarlar bu prosesə cəlb edilib. Ən vacibi, hazırda Bərdə-Ağdam avtomobil və Bərdə-Ağdam (Təzəkənd) dəmiryolunun çəkilişi ilə bağlı ciddi işlər gedir, yaxın günlərdə bu infrastrukturlar istifadəyə veriləcək…
***
Onu da deyim ki, son iki ayda 4-cü dəfə idi ki, Ağdamda ezamiyyədə olurdum. Rayonun kənd təsərrüfatı torpaqlarında hamını çalışan görmüşəm… Ağdamın əkinəyararlı torpaqlarının sayəsində 30 illik işğal dövründə insanların zəruri ərzağa olan təlabatı tam ödənilmiş, sənaye və digər kənd tətəssüfatı məhsullarının istehsalı təmin edilmişdir.


Başçı köçkün sakinlərinə vacib işlərdən söhbət açır…

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla elə çoxsaylı məcburi köçkünlərin yaşadığı Ergi qəsəbəsində görüşdük… O, rayonun Yeni Ergi qəsəbə sakinləri ilə səyyar qəbul-görüş keçirirdi. Əsas müzakirə mövzusu isə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi idi. V.Həsənov rayonun sosial-iqtisadi inkişafı ilə bağlı maraqlı rəqəmlər səsləndirdi. Görüşdə iştirak edənlər isə birmənalı olaraq bildirdilər ki, onlar köçkün düşdükləri dövrlərdən bəri çalışıblar ki, dövlətə güc düşməsin, hamı öz zəhməti ilə ailəsini dolandırsın.
Rayonun digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar görüşdə V.Həsənov rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etdi. V.Həsənov ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirdi. Sitat: «…Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan xəbərdarsınız və bütün bunlar vətəndaşlara olan dövlət qayğısının göstəricisidir. Vacib olan odur ki, bu gün 30 il ayrı düşdüyünüz o yurdlar azad edilib, tezliklə evlərinizə qayıdacaqsınız. Həyatınızın bütün mənası budur, ona görə də sağ olun ki, problemdən danışanda həmişə şəxsiləri kənara qoyub toraq həsrətini önə çəkmisiniz…».
***
Bəli, Ağdam bu gün tikilir, qurulur, minalardan təmizlənir, sakinlərin öz yurd-yuvalarına köçürülməsinə çalışılır. Həmçinin rayonun iqtisadiyyatı və sənaye potensialının gücləndirilməsi üçün vacib olan hər şey də edilir. Qeyd edim ki, Ağdam tarixən Qarabağa 1828-ci ildən sonra Rusiyanın məqsədli siyasəti ilə İran və Türkiyədən köçürülən ermənilərin göz dağı olub. Ona görə də indinin özündə belə, Ağdamın sənaye və iqtisadi gücünün möhkəmləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağdam Rayon İcra Hakimiyyətindən əldə etdiyim rəqəmlər də göstərir ki, rayonun sosial-iqtisadi inkişafı üçün əvvəldən vacib işlər görülmüşdür. Məsələn, ötən il rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi sahəsində işlər davam etdirilib. Son illərdə görülən işlər diqqəti cəlb etməyə bilməz. H.Əliyev Fondunun təşəbbüsü ilə tikintisi nəzərdə tutulmuş, təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuş və Muğamın təbliğinə və onun yaşadılmasına xidmət edən Muğam Mərkəzinin istifadəyə verilməsi rayon üçün tarixi hadisədir. Quzanlı qəsəbəsində 360 şagird yerlik orta məktəb tikilib istifadəyə verilib. Nəhayət, əhalimizin böyük əksəriyyətinin səbirsizliklə gözlədikləri 29 min nəfər əhalini əhatə edən 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 km olan Quzanlı- İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolu istifadəyə verilib. Həmçinin
Ağdamın Quzanlı qəsəbəsində Akademik Xudu Məmmədov adına küçəyə asfaltbeton örtüyü salınıb, Quzanlı qəsəbəsi ərazisində digər əlavə yollara çınqıl tökülərək genişləndirilib.


Rayonda yolların təmiri və saxlanılması üçün kəndarası və qəsəbədaxili yollarda cari və əsaslı təmir işləri aparılıb. Həmçinin Ağdam Elektrik Şəbəkəsinin xidməti ərazisində 3 ədəd 110/35/10 kv-luq ümumi gücü (137MVA), 11 ədəd 35/10 kv-luq ümumi gücü(113.4MVA), 1 ədəd 35/6 kv-luq ümumi gücü(3.2MVA) y/st-lar və 1535 ədəd 10/0.4 kv-luq transformator y/st-ları ümumi gücü (179.4MVA) olmaqla fəaliyyət göstərir… Tərtər RQİİ-nin Ağdam XS ötən dövrdə əhalinin təbii qazla fasiləsiz təmin edilməsi üçün tədbirlər davam etdirir... Əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün bir sıra tədbirlər də hazırlanıb həyata keçirilib. Məsələn, köçkün qəsəbələrin ərazisində ötən il 25 nasos təmir edilib və xeyli boru xətti bərpa olunub. Rayonda rabitə xidməti də yaxşılaşmaqdadır. Məsələn, Ağdam rayonunda 3400 telefon və 1900 internet istifadəçisi var.
***
Ağdam RİH-dən bildirildi ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında Ağdam rayonu üzrə 14 tədbirin icrası nəzərdə tutulub ki, onların da hamısı icra olunub. Dövlət Proqramının icrası olaraq rayonda ötən il 4 minə yaxın yeni iş yeri açılıb ki, ondan 280-i daimi, 2798-i mövsümüdür.
***
Rayonda kənd təsərrüfatı məhsullarının əkilib becərilməsində kənd əməkçilərinin çətinlikləri nəzərə alınaraq “Aqrolizinq”ASC-nin Bərdə regional Nümayəndəliyinin Ağdam rayon bölməsinin fəaliyyəti xeyli gücləndirilib.
Ağdam rayon bölməsində mövcud texnikalardan səmərəli şəkildə istifadə olunub və «Ağdam kənd Təsərrüfatı» MMC və digər fərdi sahibkarlarla bağlanmış müqaviləyə uyğun olaraq rayon ərazisində ötən il 450 hektarda səpin, 300 hektarda dərmanlama və 700 hektarda kultivasiya işləri aparılıb. Rayonun ərazisində bu il də 3200 hektar sahədə pambıq əkilib, pambıq sahəsinin 871.6 hektarı “MKT İstehsal Kommersiya” MMC ilə, 740.0 hektarı “Azərpambıq” MMC ilə, 523.0 hektarı Kənd Təsərrüfatı MMC ilə müqavilələr bağlanılmış, 964.6 hektarı isə fərdi qaydada əkilmişdir.
Bir vacib statistik rəqəmi də diqqətə çatdıraq: Rayonun ərazisində kənd təsərrüfatı işçiləri tərəfindən ötən il 351 hektar sahədən 5408 ton kartof, 4567.2 hektardan 18475 ton tərəvəz istehsal olunub.
***
Bir sözlə, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq Ağdamda sosial-iqtisadi inkişafın yüksəldilməsi üçün bütün lazımi tədbirlər görülməkdədir. Bu isə o deməkdir ki, Ağdam gələcəyini tikir, sabahını qurur və Azərbaycan üçün yaradır…
A.Məmmədli
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.11).

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN