Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə qırğızıstanlı həmkarı Sadır Japarovu təbrik edib.
Təbrik məktubunda Azərbaycanın qardaş Qırğızıstan ilə dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət verdiyi vurğulanır. Qeyd olunur ki, otuz il əvvəl bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin xüsusən son illərdə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması böyük məmnunluq doğurur.
Məktubda deyilir: "Sevindiricidir ki, həm Bakıda, həm də Bişkekdə Sizinlə apardığımız müzakirələr, əldə etdiyimiz razılaşmalar və imzaladığımız çoxsaylı mühüm sənədlər Azərbaycan-Qırğızıstan tərəfdaşlığının bütün sahələrdə inkişafına və yeni məzmunla zənginləşməsinə təkan vermişdir.
İnanıram ki, hazırda ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək əlaqələrimizin möhkəmləməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq".
Kənan ŞİRİNOV