Böyük Britaniyanın baş naziri Rişi Sunak “Böyük Yeddilik” Qrupunu (G7) Ukraynaya Rusiya qüvvələrinə zərbə endirməyə kömək etməyə çağıracaq və bunun üçün Kiyevə silah tədarükünün təcili artırılmasını müdafiə edəcək.
Bu barədə Böyük Britaniya hökuməti başçısının ofisinin Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya liderləri ilə görüşü planlaşdırılan söhbəti ərəfəsində yaydığı məlumatda deyilir.
Müraciət bu gün videokonfrans vasitəsilə həyata keçiriləcək.
***
Qeyd edək ki, bu gün Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümüdür.
Ötən gün Avropa İttifaqının 27 ölkəsinin liderləri də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümü ərəfəsində birgə bəyanatla çıxış ediblər.
Onlar bəyanatda vurğulayıblar ki, Aİ Ukrayna qalib gələnə və müharibədən sonra yenidən bərpa olunana qədər Aİ sakitləşməyəcək və siyasi, iqtisadi, humanitar, maliyyə və hərbi sahələrdə dəstəklərini davam etdirəcəklər.
Vurğulanıb ki, Ukrayna “Avropa ailəsinin bir hissəsidir” və Ukrayna xalqı “demokratiya və azadlığı müdafiə etməkdə qətiyyət, Rusiyanın cinayətləri ilə üzləşdikdə çətinliklər və ləyaqət qarşısında dayanıqlılıq” nümayiş etdiriblər.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 9 ağır sanksiyalar paketini işə salıb. Lakin sanksiyalar paketi elə bir nəticə verməyib... 10-cu sanksiyalar paketi ilə bağlı isə hələ ki, razılıq əldə oluna bilməyib.
JASMİN